90-cı ilin əvvəli idi, yenicə 2 illik həqiqi hərbi xidmətdən gəlmişdim.
Orta məktəbi bitirdikdən sonra bir müddət yeraltı şaxtada fəhlə işləmiş, sonra əsgər getmişdim. Amma əsgərlikdən öncə arzum Hüquq fakültəsinə qəbul olunmaq idi.
Lakin qəbul imtahanlarından ard-arda 4 dəfə 4 qiyməti aldığım üçün sovet təhsil sisteminin məhşur tələsi olan “konkrusa” düşmüşdüm.

Hüquq fakültəsinə qəbul üçün yetərincə hazırlıqlı idim, əsgərlikdən öncə orta təhsildə əsasən SSR tarixi tədris edilmişdi, əsgərlikdən sonra isə ali məktəbə qəbul üçün həm də Azərbaycan tarixi tələb olunurdu. Mən də hərbidən qayıdan kimi Azərbaycan Tarixinə aid kitabları toplamışdım.
Artıq bir neçə gün idi ki, hazırlaşırdım.

Bir dəfə axşam atam işdən evə gələndə otağa çəkildiyimi və yaxınlaşan universitet imtahanlarına hazırlaşdığımı gördü.
Ayağa qalxıb verdiyim salamımı da almadan otaqdan çıxdı.
Axşam yeməyində yenidən üz-üzə gəldik, o zaman bir neçə dəfə mövzunu açıb danışmaq istəsəm də heç bir reaksiya ala bilmədim.

Yeməkdən sonra atam otağa gəldi və:
“3 qardaşının üçü də müharibədə, camaatın taleyi necə olacaq bəlli deyil, ermənilər hər gün biraz daha irəliləyir, torpaqlar əldən gedir, belə davam etsə Azərbaycan qalmayacaq, hər gün şəhid gəlir… sənin isə fikrin qalıb universitetin yanında, universtet vaxtıdır?!” deyib üzümə də baxmadan başını tez-tez aşağı yuxarı hərəkət etdirərək sanki dünyanın ən yaramaz adamı ile söhbət edirmiş kimi qalxdı ve otaqdan çıxdı.

Biz 4 qardaşıq, həmin vaxtı qardaşlarım müharibədə idi – ən böyük qardaşım Tank, məndən 2 yaş böyük qardaşım BMP sürürdülər, digər qardaşım isə Könüllü Müdafiə Batalyonların birində döyüşürdü.

Atamın sözləri iliklərimdə dolaşırdı, gecəni yata bilməmişdim.
Səhər artıq hərbi kamissarlıqda idim, əsgərlikdən təzəcə gəlmiş hərbi təcrübəli adam kimi yeni yaranmaqda olan Milli Müdafiə Batalyonların birinə göndərildim və 4 ilə qədər bir neçə fərqli sahələrdə, torpaqlarımız uğrunda savaşmaqla uca dağların sakini oldum…

Müharibədən sonra bəzi kiçik fəsadlar qalmışdı, öncə Azərbaycanda daha sonra Türkiyədə onların yoluna düşməsi və yenidən uiversitetə müraciət üçün isə əlavə 3 il vaxt keçəcəkdi…

Qeyd: Hərdən düşünürən Atam indi yaşasaydı yenə də məni müharibəyə göndərərdi?…

Saftar Rahimli

26.06.2020

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here