Mənim adım Aytac Talışinski’dir. 12 yaşındayam. Türkiyənin İzmir şəhərində anadan olmuşam və Azərbaycan Türküyəm. Hal hazırda mən Bakıda yaşayıram və Baki Modern Beynəlxalq Məktəbinin 7ci sinfində İngilis dilində oxuyuram. Bu fürsətdən yalnız xarici müəllimlərimdən müasir elmi öyrənmək üçün deyil, həm də milli mentalitetimizi, mənəvi dəyərlərimizi izah etmək üçün istifadə edirəm. Onlara ümumi mədəniyyətimiz, rəssamlarımız, bəstəkarlarımız, və mətbəximizlə təsir etməyə çalışıram. Parlaq elm adamları, mütəfəkkirlər, hökmdarlar və sərkərdələrlə dolu qədim tarixə sahib olduğumuz üçün, mən bu həqiqətləri sərbəst mövzulu inşalarda izah etmək üçün hər şansımdan istifadə edirəm.

Bizim müqəddəs Azərbaycan bayrağımız bir tərəfdən Türk Dünyasına, digər tərəfdən İslam Dünyasına mənsub olduğumuzu izah edir. Mən bununla fəxr edirəm və hər iki istiqamətdə əcdadlarıma layiq olmağa çalışıram, ələlxüsus bu ailələrimiz hazırda əksər hallarda örtüşür. Əminəm ki, həqiqi intellektual tərəqqinin yeganə yolu bu düsturdur: keçmişi nə qədər dərin və geniş bilsək, o gədər də gələcəyimizi daha dəqiq və uzaq təsəvvür edə bilərik.
Bildiyiniz kimi, indi planetimizdə COVID-19 pandemiyası var. Düşünürəm ki, təbiətə, valideynlərə, ilahi gücə necə qayğı göstərməli olduğumuzu, gigiyenaya riayət etməyimizi başa düşmək üçün yaxşı bir şansdır; bütün bəşəriyyət bir-biri ilə nəzakətli və hörmətli olmalıdır. Həm də nəcib ideyalar üçün hazırki tədqiqat və texnologiya inkişafını gücləndirməliyik.
Düşünürəm ki, böyük Türk Dünyası bu humanist yanaşmada bir öndər ola bilər və olmalıdır da. Prezidentimiz İlham Əliyevin təşəbbüsünə əsasən Türk Şurasının koronavirus pandemiyası ilə mübarizəyə həsr olunmuş fövqəladə zirvə toplantısı keçirildi. Digər tərəfdən Türkiyəmizin Prezidenti Rəcəb Tayyip Ərdoğan bu günlərdə bütün dünyaya yardım əli uzadır və üzərində məşhur mütəfəkkirimiz Mövlanənin (Rumi) “Ümüdsüzlüyün ardından daha böyük ümidlər doğular, qaranlığın ardından günəş daha parlaq çıxar” mənalı ifadəsini əks etdirilən tibbi yardım göndərir. Gəlin onlara kömək edək ki, Türk Ailəsinin ortaq rəmzlərindən olan mənim də rəsmimin zirvəsində təsvir edilən Türk Şurası bayrağı daim dünyaya işıq saçsın, sülh gətirsin.

Şəkilim haqqında daha ətraflı. Rəsmimdə sadəcə alimlərin görə bildiyi düşmən üzərində Türk adətlərinin sütunlarına söykənərək qələbə qazanmağı təsvir etməyə çalışdım: ilk öncə rəsmi milli simvollarımızdan sayılan 8 güşəli ulduz üzərində onları yerləştirdim. Sonra, bu ulduzun hər güşəsində onəmli bir istinad təqdim etməyə çalışdım. Onlar aşağıdakı kimi sıralanmışdır: ən üstdə bir neçə qədim və müasir məşhur alimlərimiz və onların bəzi ixtisaslara habelə tibb və robotik mühəndisliyinə tövhələri; solda dünyanın ilk monoteistik dini olan Türk Tanrıçılığı, sağda isə – günümüzdə yaşayan 90% Türkün işıqlı İslam dinimizi. Daha sonra, tariximizin həm daş həm kağız yaddaşından bəzi məqamları göstərdim: Qarabağımızın Azığ Mağarasındaki ən az 300 000 il yaşında aşağı çənə tapıntısından, Türk Damqalarıyla zəngin Göbəkli Təpənin təqribi 10 000 il yaşı olan fantastik arxitekturasına qədər, ilk Türk ensiklopediyası sayılan Divan Lugat at Türk’tən digər çeşidli məşhur eposlarımıza qədər. Ayrıca, çalışdım COVİD-19 karantini dövründə xüsusi önəm kəsb edən spesifik adətlərimizi də qeyd edim: valideynlərimizə və yaşlılarımıza hörmət, diqqətli gigiyena, təbiətin bütün təzahürünə hörmət: ətraf mühitə, heyvanlara, bitkilərə və s.
Düşünürəm ki, Türk Elləri müasir dronların ”icma zəkası” şəklində iş birliyi içində olsalar bütün sahələrdə uğur eldə edə bilərlər, həm yerli ölçüdə, həm qlobal. Əminəm ki, öz ənənələrimizə sadiq qalsaq və dəyərli kitablar sevdiklərimiz olsa, ’korona’virusu asanlıqla çatladıb sındıra bilərik və “tac” sadəcə bizə məxsus olacaqdır!
Bunlarla birgə, rəsmdə çalışdım vurğulayım ki Azərbaycan hökuməti nə qədər çox daimi diqqət yetirir bu məsələlərə, hətta ən kiçik məqamlarda belə: misal, Qobustandaki heroqlifləri və Orxon abidələrində ki runik mətnləri 5 manatlıq əsginazımızda təsvirindən tutmuş, paytaxt Bakımızın mərkəzində Dədə Qorqud parkı və heykəli ucaldılmasına qədər.
Son bir məqam olaraq xatırlatmaq istərdim ki, bu yaxınlarda məşhur Türk yazıçısı İlber Ortaylı mənə kitabını hədiyyə etdi və onu imzaladı: “Sevimli Aytaca, Türk Dünyasına faydalı elm adamı olması diləyiylə.” İndi bu gözləntiləri qarşılamaq üçün əlimdən gələni edərkən ümid edirəm ki Nobel Mükafatı laureatımız Əziz Sancarın bütün Türklərin birləşməsi arzusu, ən yaxın gələcəkdə həyata keçəcəkdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here