Fizuli Məmmədov yardıma 3 milyon rubl ayırdı

Dekabrın 21 dən etibarən Rusiya azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan mədəniyyət Fondu Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Rusiya regionlarında xeyriyyə aksiyaları keçirəcək.

«Rusiya uşaqlarına yaxşılıq et» adlı xeyriyyə layihəsi ilk növbədə çətin həyat durumu, fiziki imkanları məhdud, valideynlərini itirmiş, aztəminatlı ailələrdən olan uşaqlara gerçək yardımı nəzərdə tutur.

«Biz uşaq evləri və internatlara, aztəminatlı ailələrdən olan azyaşlılara ildə bir neçə dəfə ardıcıl yardım etməyi planlaşdırırıq», deyən Fizuli Məmmədov, görüləcək işlərin Rusiyada millətlərarası və dinlərarası münasibətlərin daha da yaxşılaşmasına, Azərbaycan diasporunun mövqelərinin möhkəmlənməsinə təkan verəcəyini düşünür. Təşkilat rəhbəri ildə bir neçə dəfə Rusiya və Azərbaycan xalqlarının əlamətdar günləri ərəfəsində xeyriyyə layihələrinin keçirilməsini vacib sayır.

Fizuli Məmmədov layihənin gerçəkləşməsinə Ümumdünya Azərbaycan mədəniyyət Fondunun xətti ilə 3 milyon rubl maliyyə vəsaiti ayırıb. Xeyriyyə aksiyalarının dekabrın 23 dən ilin sonuna kimi Rusiyanın Arxangelsk, Velikiy Novqorod, Voronej, Kamçatsk, Kazan, Kirov, Maqadan, Maxaçqala, Moskva, Nefteyuqansk, Omsk, Samara, Sıktıvkar, Xabarovsk, Yaroslavl, Ulan-Ude şəhərlərində keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, xeyriyyəçilik Rusiya azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan mədəniyyət Fondunun əsas fəaliyyət istiqamətlərindən sayılır. Ümumdünya Azərbaycan mədəniyyət Fondu tərəfindən 2019 cu il ərzində Ermənistan – Azərbaycan müharibəsi qazilərinin mənzil şəraiti yaxşılaşdırmış, müharibə əlillərinin tibb mərkəzlərində müalicə xərcləri ödənilib. Fond qazilər və şəhid ailələri ilə bərabər ehtiyacı olan müxtəlif sosial statuslu vətəndaşlara, o cümlədən istedadlı azyaşlı və gənclərə də yardım göstərib. Məşhur jurnalist Aydın Mehdiyevin Moskvada davamlı müalicəsi və Nyu Yorka qabaqcıl klinikaya köçürülməsi, Azərbaycan vətəndaşları Rza Əliyev, Orxan Hüseynov, Nərmin Əliyeva və mərhum jurnalist Pərvanə Hüseynovanın müayinə və müalicə xərclərinin müəyyən və tam hisəsini Fizuli Məmmədov şəxsi vəsaiti ilə ödəyib.

RAİ nin mətbuat xidməti

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here