Hindistan Parlamenti Kəşmirə (Cammu və Kəşmir Ştatına) xüsusi status verən konstitusiyanın 370-ci maddəsini ləğv etdi. Bu maddəni ləğv etmək hazırki hökumətin çoxdanki planlarına daxil idi, hətta seçim platformasında belə yer alırdı, elə hindu millətçi partiyası BJP-nin parlamentdəki səs çoxluğu ilə də həyata keçirildi. Populist lider olan hazırki baş nazir Narendra Modi bu addımı ilə öz mühafizəkar tərəfdarlarının gözündə rəğbətini daha da artırdı. Müxalifətdəki Konqress partiyası isə daxili qeyri-stabilliyi artıracağı qorxusu ilə, eyni zamanda, ölkənin beynəlxalq imicinə zərbə vurar deyə layihənin əleyhinə çıxış etdi.

Hindistanın bu gözlənilməz addımı onsuz da çətin vəziyyətdə olan Pakistanın vəziyyətini daha da ağırlaşdırdı. Ordunun Nəvaz Şərifə qarşı keçirdiyi məhkəmə çevrilişindən sonra ölkə tam siyasi sabitliyi əldə etməyib, yeni hökumət əhalinin böyük bir qismi tərəfindən hakimiyyəti qanunsuz qəsb etmiş kimi görülür. Bunun ardınca Pakistanda iqtisadi böhran baş qaldırıb və ölkə valyutası böyük devalvasiyaya məruz qalıb. Ənənəvi müttəfiqi Amerika Birləşmiş Ştatları isə Pakistana davamlı təzyiqlər göstərir, gah antiterror əməliyyatlarında zəif iştirak etdiklərindən şikayət edir, gah da Pakistana ayrılan maddi yardımları dayandırırlar. Ölkənin daimi maliyyə sponsorlarından olan Səudiyyə Ərəbistanı da əvvəlki qədər maliyyə və siyasi dəstək vermir.

Belə bir vəziyyətdə, Pakistan hökuməti özünü çox çıxılmaz vəziyyətdə hiss edir. Və artıq diplomatik şəkildə, açıq tekstlə öz müttəfiqlərindən siyasi dəstək istəyir. Pakistanın bölgədəki və dünyadakı ən güclü müttəfiqi Çin İslamabadı tək qoymayacağının ilk siqnalını verib. Çin Hindistanın qərarının BMT-nin qanunlarına zidd olduğunu bildirib, BMT Təhlükəsizlik Şurasının iclasını çağıracağını bildirib. Amerikadan əvvəlki qədər siyasi dəstək ala bilməyəcəyinə əmin olan Pakistan digər müttəfiq və dost ölkə kimi İslam ölkələrindən, o cümlədən Türkiyə və Azərbaycandan dəstək gözləyir.

Pakistanın Bakıdakı səfiri öz açıqlamasında açıq şəkildə, Ermənistanla bütün diplomatik, siyasi münasibətlərin qurulmasına qarşı olduqlarını, Ermənistanı bir dövlət kimi tanımadıqlarını, Qarabağ məsələsində həmişə bizim mövqeyi müdafiə etdiklərini, Pakistan Parlamentinin Xocalı qətliamı və digər məsələlərlə bağlı qəbul etdikləri sənədlərdə həmişə Azərbaycanı müdafiə etdiyini nəzərimizə çatdırıb, Pakistanın açıq siyasi dəstək gözləntisini bir daha təkrarladı. Bizim Xarici İşlər Nazirliyinin Kəşmirlə bağlı verdiyi açıqlama həddən artıq diplomatik olmaqla, ümumilikdə hansı tərəfin mövqeyini müdafiə etdiyini anlaşılmaz hala gətirir. Sadəcə Azərbaycanın xarici siyasətinin davamlı olması ilə bağlı xatırlatmadan, bu məsələdə Pakistanın mövqeyinə daha yaxın olduğumuz mənası çıxarıla bilər. Və aydın məsələdir ki, Pakistan tərəfi (nə səfirlik, nə də hökumət ) bu tərz anlaşıqsız dəstəkdən narazı qalacaqlar.

Düşünürəm ki, biz ənənəvi siyasi xəttimizi davam etdirməliyik, bütün yanaşmamız Pakistanla mövcud xüsusi siyasi münasibətlərimizi və qarşılıqlı hərbi-siyasi əlaqələrimizi zədələməyəcək şəkildə qurulmalıdır. Pakistan bizim onu dəstəklədiyimizi açıq-aşkar hiss etməlidir. Tarixən xalqımıza və ölkəmizə qarşı olan yüksək simpatiyanı, Heydər Əliyev Fondunun gördüyü xeyriyyəçilik işlərinin məntiqi nəticələrini, Pakistandan 10 ədəd qırıcı təyyarə gətirdiyimizi bu günlərdə şübhə altına almaq yolverilməzdir.

Ən optimal yol kimi, İslam Əməkdaşlıq Təşkilatı üzərindən fəaliyyətə keçmək lazımdır. Azərbaycan İƏT Kəşmir Əlaqə qrupunun üzvüdür. Azərbaycan Kontakt Qrupunun üzvü kimi Kəşmirlə bağlı istənilən məsələni istər qrupun, istərsə də təşkilatın gündəminə çıxara bilər. Digər tərəfdən Hindistanın bölgənin, yaxın gələcəkdə isə potensial olaraq dünyanın yüksələn iqtisadi və siyasi gücü olduğunu unutmaq olmaz. Eyni zamanda, separatçılıqdan əziyyət çəkən ölkə kimi, birbaşa separatizmin tərəfində durmaqdan qaçmalı, məsələnin sülh yolu ilə və BMT qanunları çərçivəsində tərəfdar olduğumuzu vurğulamalıyıq. Yaxın zamanda, bölgədə gərginliyin daha da artacağı müşahidə olunacaq. Kəşmir separatçıları bütün başqa alternativ yollar bağlandıqdan sonra yeganə çıxış yolunu davamlı terror aktları törətməkdə görəcəklər. Terror aktları daha intensiv və amansız olacaq. Eyni vaxtda Pakistanın Hindistanla sərhəd toqquşmaları, sərhədboyu ərazidə kiçik atışmalar, toqquşmalar artacaq. Bu gün artıq bəzi mənbələrdən atışmalar nəticəsində 8 nəfərin öldüyü xəbəri gəlir. Tamamilə mümkündür ki, atışmalar müharibənin eskalasiyasına, məhəlli və ya irimiqyaslı müharibəyə çevrilsin.

Turab Rzayev, analitik

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here