AMEA Mərkəzi Elmi Kitabxanasının Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova Mərkəzi Elmi Kitabxananın innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş (MRY) bazası, MRY-nin yenilikləri və elektron kataloqda mövcud olan məlumatlar haqqında TED.az-a danışdı.

Aygün xanım, Milli Rəqəmsal Yaddaş bazası haqqında nə deyə bilərsiniz?

Əvvala onu qeyd edim ki, Azərbaycanda milli və dünya əhəmiyyətli elmi nəşrlərin zəngin fondlarına malik olan universal təmayüllü, aparıcı elmi kitabxanadır. MEK-də mühafizə olunan sənədlərin əsas hissəsini elmi sənədlər təşkil etməsinə baxmayaraq, burada bütün oxucu kontingenti üçün nəzərdə tutulmuş sənədlər mövcuddur. Təbiətşünaslıq, sosial-iqtisadi, humanitar, texniki və siyasi sahələr üzrə universal tərkibə malik olan, 1 milyon 500 minə yaxın  sənədi özündə birləşdirən MEK fondlarında çox qiymətli sənədlər – Azərbaycanda ən qədim kitablar, zəngin kolleksiyalar və elektron sənədlər mühafizə olunur. AMEA Mərkəzi Elmi Kitabxanasının fəaliyyət istiqamətləri sırasında xarici ölkələrin kitabxanaları ilə beynəlxalq kitab mübadiləsini davam etdirməsi və ölkə daxilində nəşr edilən sənədlərin əldə edilməsi əsas yer tutur. 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı MEK-ə üzv ola bilər. Mərkəzi Elmi Kitabxananın Milli Rəqəmsal Yaddaş layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən dəstəklənmişdir. Layihənin məqsədi Azərbaycanın qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa daxil etmək, arxivləşdirmək, yerli və dünya oxucusunun  istifadəsinə verməkdir. Mövcud xarici layihələrdən fərqli olaraq, milli yaddaş rəqəmsal bazası əsasən akademik strukturlar tərəfindən Milli yaddaşa daxil edilməsi məqsədəuyğun hesab edilən və tövsiyə olunan elmi əsərlərdən ibarət formalaşdırılıb. Azərbaycanda İlk dəfə olaraq “Milli Rəqəmsal Yaddaş” anlamı fundamental sənəd mühafizə sistemi – akademik kitabxana-informasiya sistemi ilə  birləşdirilib.

Maraqlıdır, Milli Rəqəmsal Yaddaş bazasının qeydiyyat sistemi necə təşkil olunub?

Elmiləşmiş Milli Rəqəmsal Yaddaş bazasına daxil edilməsi zəruri hesab edilən sənədlərin seçiminə dair Qaydalar hazırlanıb istifadəyə verilib.

İşlək səviyyəyə gətirilmiş MRY layihəsi çərçivəsində elmi mənbələrin sistemləşdirilmiş qeydiyyat siyahısı hazırlanıb, AMEA-nın 16 elmi müəssisəsi tərəfindən MRY layihəsi milli yaddaşa salınması tövsiyə olunan sənədlərin siyahısı ilə zənginləşdirilib.

“Siyahılar” kateqoriyasında “Azərbaycanın Milli Qəhrəmanları”, “20 yanvar şəhidləri”, “3-4 aprel Müharibəsi şəhidləri”, “Milli Ordu – Milli qəhrəmanlar” adlı siyahılar redaktə olunub və sərbəst ensiklopedik resursların formalaşdırılmasında tətbiq olunub.

Siyahılar kateqoriyasında “Xaricdə yaşamış azərbaycanlılar”, “Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanları”, eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə təhsil almağa göndərilən və məzarı tapılmayan tələbələr” adlı siyahılar hazırlanıb. MEK tərəfindən markalar, xəritələr, ensiklopediyalar, lüğətlər kolleksiyaları da işlənərək MRY bazasına daxil edilib.

Araşdırma nəticəsində MRY bazasında hansı sənədlər aşkar edilib və MRY-nin kataloquna daxil edilib?

MEK kolleksiyalarında araşdırma nəticəsində Milli Rəqəmsal Yaddaş (MRY) bazasına aid edilə bilən sənədlər aşkar edilib və MRY kataloquna daxil edilib. Kolleksiyalardan MRY qrifi ilə ən zənginləri “Heydər Əliyev”, “Azərbaycan Milli Tarix Muzeyi”, “Abbas Zamanov”, “AMEA Naxçıvan Bölməsi”, “Mirzə İbrahimov”, “Ənvər Şıxlinski”, “Xudu Məmmədov”, “İmam Mustafayev”, “Yevgeniy Paxomov”, “Poçt nişanlar”, “Elektron xəritələr”, ”Xaricdə yaşamış azərbaycanlıların məzarları” kolleksiyaları istifadəyə verilib. Aparılan danışıqlar, keçirilmiş təqdimatlar və mediada işıqlandırma nəticəsində MRY layihəsinə geniş diqqət cəlb olunub: dövri mətbuat orqanları  “İki sahil”, “525”, “Olaylar”, “Azərbaycan”, “Yeni Azərbaycan” qəzetlərinin rəqəmsal arxivləri, Leypsiq Mərkəzi Antikvariatında aparılmış Turfan tapıntılarına məxsus mətnlərin əks olunduğu alman dilində olan nəşrlər,  1911-ci ildə Bakıda ərəb qrafikası ilə Azərbaycan dilində çıxan siyasi-ictimai, ədəbi türkcə müsəlman qəzeti “Həqiqəti Əfkar” MEK-ə təmənnasız təqdim olunub.Azərbaycan Respublikasının Polşa, Macarıstan, Moldova, ABŞ, Litva, İran, Gürcüstan, Türkmənistan, Özbəkistanda olan diplomatik nümayəndəlikləri və Azərbaycanda fəaliyyət göstərən Rusiya Federasiyası, Türkiyə, Serbiya, Macarıstan, İran, Özbəkistan səfirlikləri tərəfindən MRY bazası sənədlərlə zənginləşdirilmişdir.

Elektron kataloqlaşdırma prosesində nə kimi yenilik əlavə olunub?

MEK tərəfindən Kitabxana xidmətlərinin avtomatlaşdırılmış idarəetmə və nəzarət (Vahid İdarəetmə Sistemi) platformasının bütün modulları hazırlanıb istifadəyə verilib. Vahid İdarəetmə Sistemi (VİS) – müəssisənin bütün mümkün proseslərinin avtomatlaşdırılması, inteqrasiyası, nəzarətdə saxlanılması və mərkəzləşdirilmiş şəkildə idarəedilməsi sistemidir. VİS ilk dəfə məhz MEK-in proqram və texniki tələblərinə uyğun olaraq yerli proqram mühəndislərinin iştirakı ilə hazırlanmış platformadır. VİS ( elektron kataloq) MEK-in müəllifi olduğu, xarici ölkələrin kitabxanaları ilə rahat inteqrasiya oluna bilən, MARC 21 formatını dəstəkləyən proqramdır. MEK-ə daxil olan sənədlər Kitabxana-xidmət şöbəsinin Fondların formalaşdırılması bölməsi, Komplektləşdirmə bölməsi, Kataloqlaşdırma və sistemləşdirmə bölməsi tərəfindən e-kataloqda emal edilərək öz biblioqrafik təsvirini alır. Həmçinin MEK-in müəllifi olduğu e-kataloqda sənədlərin axtarışı, sifarişi prosesi də həyata keçirilir.  2018-ci ildə MEK tərəfindən Nazirlər Kabinetinə ilk dəfə olaraq elektron cədvəl formatında 1046 kitab abidəsi təqdim olunmuşdur.

Aygün xanım, hazırda e-kataloqda neçə məlumat mövcuddur?

Bu günə kimi e-kataloqa 148278 nüsxə sənəd  daxil edilib ki, bunlardan 18195-i MRY bazasına aiddir.

Zeynəb ƏKBƏR

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here