Həyat yaxşı adamların etdiyi yaxşılıqlar üzərində dayanır, gözəlləşir, var olur. Yaxşıların yaxşılıqları dəstəyə ehtiyacı olan insanlarımızın sabaha olan ümidini artırır, onlara ruh verir. Daim köməyə ehtiyacı olan insanlarımızın yanında olan azərbaycanlı iş adamı Füzuli Məmmədov də etdiyi yaxşılıqlarla Azərbaycan insanının rəğbətini qazanıb, onların qəlbində özünə taxt qurub, könüllərini fəth edib. Naxçıvan blokada şəraitində olduğu, çətin sınaqlarla üzbəüzb qaldığı zamanlarda Ordubad rayonunda doğulmuş Füzuli Məmmədov yenə də öz köməyini əsirgəmədi. İş adamının muxtar respublikanın, Ordubadın belə bir məqamında imkansız ailələrin apteklərə, mağazalara olan borclarına, xərclərinə göstərdiyi maddi dəstək indiyə qədər də xalq arasında dillər əzbəridir. Onun bu əməli neçə-neçə insanımızı çətin vəziyyətlərdən qurtarıb. Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti kimi xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması istiqamətində aktiv fəaliyyət göstərən Füzuli Məmmədov Azərbaycandan kənarda biznesindən əldə etdiyi gəlirləri Azərbaycan uğrunda, onun diasporasının təşkilatlanması istiqamətində də çəkinmədən xərcləyir, bu uğurda əlindən gələn hər bir şeyi edir…

Hər kəsə bəllidir ki, cəmiyyətimizin xüsusi diqqət göstərməli olan insanların sırasında Qarabağ qaziləri gəlir. Çünki onlara diqqət Vətənə, vətənpərvərlik ruhuna olan diqqətdir. Füzuli müəllim burada da xeyirxah əməli ilə fərqlənib. Qarabağ qazilərimizə təmənnasız olaraq hədiyyə etdiyi 17 ev, onların məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı addımlar diqqətəlayiqdir. Vətən üçün canını, sağlamlığını fəda etmiş insanları dəyərləndirən vətənpərvər iş adamı Füzuli Məmmədovun bu dəyərli addımı hər zaman alqışlanmalı, təqdir olunmalıdır. Füzuli Məmmədov bu yaxınlarda atdığı daha bir addımla yenidən diqqətləri özünə çəkə, alqış qazana bildi. O, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən, 25 il vətənə qulluq etmiş polkovnik-leytenant Elyaz Mirzəyevin əməliyat xərclərini öz üzərinə götürməklə bir qazini, onu sevənləri, ümumiyyətlə isə xalqımızı sevindirmiş oldu. İş adamı və diaspora təşkilatı rəhbəri olaraq Füzuli Məmmədovun siyasi baxışı, fəaliyyəti ümummilli lider Heydər Əliyevin ideyalarına sadiqlikdən, Azərbaycan prezidenti İlham Əliyevin daxili və xarici siyasətinin təbliğindən ibarətdir. Onun ümummilli lider Heydər Əliyevin adını daşıyan idman yarışına verdiyi dəstək bu tədbirin təşkilatçılarının, Heydər Əliyevsevərlərin xatirəsində dərin izlər buraxıb. Bütün bu deyilənlər, yazılanlar, danışılanlar Füzuli Məmmədovun xeyriyyəçilik, vətənpərvərlik, humanizm istiqamətində olan fəaliyyətlərinin kiçik bir hissəsidir. Onun gördüyü işlərdən, yaxşı əməllərdən böyük bir kitab yazmaq, geniş bir videofilm çəkmək olar. İnanırıq ki, bu kiçik, lakin önəmli təqdimatdan sonra Füzuli Məmmədovun bütün həyatı, fəaliyyəti, xüsusilə də xeyriyyəçilik əməli daha geniş şəkildə də təqdim ediləcək. Çünki belə insanların xeyriyyəçilik fəaliyyətlərini, gözəl əməllərini təbliğ etmək lazımdır ki, bu ənənələr inkişaf etsin, genişlənsin və dünyamız daha da gözəlləşsin.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here