İnsan(fərd) şəxsiyyət olmadan öncə bir şəxsiyyətin proyeksiyası olur.

O, digər bir şəxsin proyeksiyası olmasa, şəxsiyyət ola bilməz. Bu hardan irəli gəlir ? İnsan öz bacarıqlarını, həyatda qalma yetkisini lazım olan adekvat reaksiyaları, aktları təqlidetmə yolu ilə qazanır. Məsələn, yeni doğulmuş körpələr zəruri fundamental instinklər istisna olmaqla, digər bacarıqları, reaksiyaları böyükləri (ana-ata) təqlidetmə yolu ilə qazanır. Şəxsiyyət olana qədər digər şəxsin proyeksiyası olmaq labüd etabdır. Bütün canlılar kimi insanlar da yetişmək, formalaşmaq üçün sağlam, münbit, düzgün fundamentə ehtiyac duyurlar.

Məsələn, ağacları normal torpaqda əkməsən, yəni fundamenti sağlam, düzgün, münbit olmasa, o ağaclar yetişməz, ən yaxşı halda yetişsə belə, sağlam yetişməyəcək.

İnsanların da yetişməsi bu anolojiyə əsaslanır. Belə ki, insanın da sağlam yetişməsi üçün fundamentin sağlam,münbit və düzgün olması lazımdır.

Bəs insanın fundamenti nədir?

Əlbəttə ki, nəsli, ailəsi. İnsan şəxsiyyət olaraq özünü toplumda,müəyyən çevrədə identifikasiya etmək üçün, status-kvosunu bəlli etmək üçün və yaxud müəyyən bir status-kvo əldə etmək üçün şəxsiyyət olana qədər və yaxud da o status-kvonu əldəetmə yetkisi, potensialı tam formalaşana qədər özünün fundamentindən istifadə edir, yəni ailəsindən nəslindən, onların adından, onların qazandıqları şandan-şöhrətdən və digər qazanımlardan. Bu sosial inteqrasiya üçün, yəni şəxsin topluma inteqrasiyası üçün çox vacib faktordur. Və əgər inteqrasiyanın bu amili olmasa, şəxs özünü toplumda, çevrədə identifikasiya edə bilməz, adaptasiya ola bilməz, qısacası müəyyən bir status-kvo əldə edə bilməz.

Məsələn, müəyyən yaş dövrü aralığında( yetkinlik dövrünə qədər və yetkinlik dövründə )biz uşaqları müşahidə etdiyimizdə onların müəyyən yaşıd çevrələr içində valideynlərinin(patriarxat quruluşa görə əsasən atalarının, cins fərqinə görə qızlar həm də analarının) adından, peşəsindən, cəmiyyət daxilindəki status-kvosundan istifadə etdiyini görə bilərik. Və biz görürük ki, faktiki sosial normativlərə, kriteriyalara uyğun olaraq daha sağlam, daha münbit fundamentə( elit ailə faktoru) sahib olan uşaqlar topluma daha yaxşı inteqrasiya olur, daha güclü status-kvo əldə edir, hətta hegomon mahiyyətli status-kvo da əldə edə bilir. Yəni, o 3-5 nəfər içində daha çox söz, hörmət-rəğbət və yetki sahibi ola bilir.

Bu tip kateqoriyaya malik uşaqların yetişməsi obyektiv (bu fundamentdən istifadə etmə subyektiv tərəfi idi) müstəvidə də müəyyən səbəblərlə əlaqəlidir. Belə ki, onun qazandığı uğurları, potensialı, şəxsiyyət prototipinin sağlam formalaşması, bacaraqlarının yüksək formada olması ailədən asılıdır. Ailə deyərkən ailənin verdiyi tərbiyədən yox təkcə, ailə fərdlərinin, yəni ata, ananın şəxsiyyət kimi formalaşmasından, şəxsiyyət kimi hansı status-kvoya sahib olmasından asılıdır. Heç bir önəmli status-kvoya sahib olmayan, daha aşağı sosial-statusa sahib olan ailədə yetişən uşaq çox nadirən yüksək, önəmli statsu kvoya sahib ola bilir, eynən çox da münbit olmayan toraqda nadirən yetişən güclü ağaclar kimi.

Lakin, sağlam statsu-kvoya sahib olan valideynlərdən ibarət ailədə yetişən uşaqda daha yaxşı şəxsiyyətləşmə prosesi baş tutur, daha yaxşı inteqrasiya edə bilir, natamamlıq kompleksinə daha az məruz qalır, özgüvəni daha yüksək səviyyədə özünü biruzə verir.

Bu analogiya millətlərin də formalaşmasında eyni formada təzahür edir. Çünki millət də fərdlərdən ibarətdir, o fərdlərin vahidləşmiş halıdır. Yəni, nəticə olaraq millətində “şəxsiyyəti, şəxsiyyət kimliyi” var. Millət də şəxsiyyətinin identifikasıyasını, status-kvosunun determinasiyasını öz tarixindən götürür. Millətin ailə fundamenti onun tarixidir. Tarixi şanlı olan, yaxud şanlı tarix ideologiyası, doqması ilə formlaşadırılan millət daha yaxşı nəticələr, uğurlar əldə etməyə qabildir, nəinki tarixi təkcə işğallardan, faciələrdən, əsarətlərdən ibarət olan millət. Tarix konsepti yalnız mənfi notlar üzərinə köklənmiş millət heç zaman şanlı, uğurlu millət ola bilməz, necəki münbit olmayan torpaqda əkilmiş ağaclar kimi.  Ona görə də tarix millətin gələcəyi üçün, millətin şəxsiyyət prototipinin formlaşdırılması üçün çox vacib faktordur. Buna görə də tarix lazım olduğun da pafoslu da yazıla bilər, olmayan uğur hekayələrinə də (hekəyə olması və yaxud necə olması çox önəmlidir) yaxud var olan uğurun daha da mübaliğə edilməsinə də yol verilə bilər.

Qısaca, tarix elə yazılmalıdır ki, hekayə elə dizayn edilməlidir ki, o millətdə natamamlıq kompleksi yaratmasın, özgüvənini sındırmasın. Motivasiya çox önəmlidir. Motivasiyasız heç bir şəxs və ya millət irəli addım ata bilməz. Sağlam fundament də güclü motivasiya deməkdir. İrəli addım atmaq, yaxud yuxarı atlamaq üçün təkan lazımdır və bu təkan yalnız ayağını fundamentə basdığın zaman mümkün olur.

Bir sözlə, sənin hədəflərinin yüksəkliyi sənin fəxr etdiyin fundamentinin ölçüsü nisbətindədir. Nə qədər fəxr edəcək nəsnəyə sahibsənsə, o qədər yüksək hədəfli və potensial uğurlusan.

Mete Türksoy

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here