Türkoloq alim Gullu Yologlu

Tarix boyu bir çox müəlliflərin əsərlərinin qadağan olduğunun şahidiyik. Öz əsərlərini yandıranlar da az olmayıb. Əksər hallarda bu kitabların müəllifləri kiminsə bostanına daş atıb, kiminsə işinə yaramayıb… Lakin haqqında danışacağım kitab (toplu) həm mövzu, həm də içindəkilər baxımından öz məsumluğu ilə seçilir. Mövzu Novruz, içindəkilər xalqdan toplanan atalar sözləri, zərb-məsəllər, meydan tamaşaları, xalq oyunları, inanc və adətlər…

“Novruz bayramı” tolusu 1990-cı ildə işıq üzü görsə də, birbaşa zülmətə qərq oldu. Burada toplama, tərtib, müqəddimə və qeydlər prof. Azad Nəbiyevindir. Kitabdakı ön sözdə (“Xalqın əziz bayramı”) müəllif Novruz bayramının “zərdüştilikdən və islamdan çox-çox əvvəlki dövrlərlə bağlı olan” rəvayətlər, qaynaqlar, Novruzqabağı mərasimlər, oyunlar, ayinlər və etiqadlar, Axır çərşənbədə icra olunan “su falı”, “qapı pusma”, “Bəxt xətti”, “Qismətində olan”, “İynə falı” və s.-dən haqqında ətraflı məlumat verir. Burada bütün ayinlər ancaq və ancaq Axır çərşənbə ilə bağlanılır. Başqa heç bir çərşənbə adından söz getmir. Kitabın içində Novruz bayramının bütün özəlliklərini və gözəlliklərini özündə əks etdirən müxtəlif rəngli şəkillər var. Sonda ingiliscə, rusca və farsca geniş xülasə verilir. Bir sözlə, razılaşmadığımız bir neçə xırda məqamı çıxmaq şərtilə, toplu bu günə qədər Novruzla bağlı çap olunan ən dəyərli kitabdır…

Toplunun 11.09.1989-cu ildə yığılmağa verildiyini, 15.01.90-cı ildə çapa imzalandığını, təbaşirli kağızda “Yazıçı” nəşriyyatında çapa hazırlandığını, 60 000 nüsxə ilə “Kommunist” nəriyyatının mətbəəsində 1990-cı ildə çap olunduğunu da ayrıca vurğulamağa ehtiyac var. Qiyməti 6 man.80 qəpik hesablansa da, kitab o dövr üçün çox bahalı toplu sayıla bilər.

Qeyd etdiyimiz kimi, toplu 15 yanvar 1990-cı ildə çapa imzalanır. Ölkədə vəziyyət çox gərgindir. Moskva artıq SSRİ-nin ayrı-ayrı yerlərindəki hərbi hissələrdən qoşunu Bakıya yönəldib… Qanlı Yanvara sayılı günlər qalıb. Belə bir vaxtda “Novruz bayramı” toplusu ilə maraqlanmaq qəribə olardı…

1988-ci ildən Nazirlər Sovetinin sədri olan Ayaz Mütəllibov 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdi. Kənardan gəlməmişdi… Ölkə 20 Yanvar hadisələrinə doğru gedəndə o da kifayət qədər səlahiyyətə sahib şəxs idi. Və 1990-cı ilin martında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi bütün məsuliyyəti çiyinlərində daşımalı idi. Xalq da ondan bunu tələb edirdi…

1990-cı ilin mart ayına Azərbaycanda olan vəziyyəti göz önündə canlandırmaq üçün “Kommunist” qəzetinin 18 mart sayında dərc olunan Azərinformun müxbiri N.Əzizovun Azərbaycan SSR Dövlər Maddi-Texniki Təchizat Komitəsinin sədri A.Ş.Əzizbəyovla söhbətinə müraciət edək: “Yanvar hadisələri, bu hadisələrdən sonrakı tətillər xalq təsərrüfatı sahələrinin normal iş ahəngini, Azərbaycanın ölkənin (burada SSRİ nəzərdə tutulur – G.Y.) başqa regionları ilə əlaqələri pozulmuşdur. Nəticədə sosial-iqtisadi inkişafın bir çox göstəriciləri üzrə ilin iki ayının (yanvar-fevral – G.Y.) tapşırıqları yerinə yetirilməmiş, nəqliyyatda və sənayedə keçən ilki fasilələrdən (1989-cu ilin mitinqləri nəzərdə tutulur –G.Y.) dirçəlməyə macal tapmamış respublika yenə də çətin vəziyyətə düşmüşdür…” A.Əzizbəyov deyir ki, “respublika rəhbərlərinin çıxışlarında artıq dəfələrlə qeyd edildiyi kimi, istehsalatların tamamilə, yaxud qismən dayanmasına gətirib çıxarmış kütləvi tətillər çox böyük ziyan vurmuşdur. İki ay ərzində sənayeyə təqribən 800 milyon manat zərər dəymişdir, respublika müəssisələri ölkənin (SSRİ-nin –G.Y.) başqa iqtisadi regionlarına 434 milyon manatlıq az məhsul göndərmişdir. Əsaslı tikinti böhranlı vəziyyətdədir: 90 milyon manatlıqdan çox tikinti-quraşdırma işləri yerinə yetirilməmişdir. Sosial obyektlərin tikinti sahəsində vəziyyət daha pisdir. Bu sahədə ilin əvvəlindən bəri bir kvadratmetr də olsun mənzil sahəsi istifadəyə verilməmişdir, halbuki birinci kvartalda təqribən 196 min kvadratmetr mənzil sahəsi təhvil vermək planlaşdırılırdı. Heç bir məktəb, məktəbəqədər uşaq tərbiyə müəssisəsi, xəstəxana istifadəyə verilməmişdir”…

“Novruz bayramı” toplusundan şəkillər

Daha sonra Aydın Əzizbəyov dəmir yollarında, yük daşımalarda yaranan problemçlərdən danışaraq bu problemləri “heç cür həll edə bilməmişik” deyə əlavə edir: “Vəziyyətin tezliklə düzələcəyinə ümid bəsləmək olmaz, çünki ölkədə hətta xaricdən alınmış malları daşımağa və xaricə məhsul göndərilməsini qaydaya salmağa vaqon çatışmır”.

Bunun günahını mitinqlərin ayağına yazmaq nə dərəcə doğrudur? Ümumiyyətlə, Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədrinin müsahibəsi ümidsizlik və çarəsizliklə doludur: “Kəskin bir problem maliyyə problemidir”, “gələcəkdə məhsul göndərilməsinin müqəddəratı şübhə altındadır”, “iqtisadi əlaqələri bərpa etməsək, itkilər daha da artacaq”, “biz ölkədə (SSRİ-də – G.Y.) etibarlı ortaq kimi nüfuzumuzu itirmişik”, “ikiillik təcrübə göstərir ki (deməli, iki ildir ölkə bu vəziyyətdədir – G.Y.), iqtisadi sahədə sarsıntılar, hər şeydən əvvəl, respublikada siyasi vəziyyətin sabit olmamasının nəticəsidir”, “respublika iqtisadiyyatı daha bir böhrana tab gətirə bilməz”… (“Böhrandan necə çıxmalı?”, 18 mart 1990).

Bütün bunlar azmış kimi, “Sovet orqanlarının məsul işçilərindən, sahələrin və müəssisələrin rəhbərlərindən, ictimaiyyətin nümayəndələrindən ibarət bir qrup Moskvaya nəcib bir məqsədlə getmişdir: onlar yanvar hadisələrindən sonra Bakını tərk etmiş rusdilli əhalinin nümayəndələri ilə görüşmək, …əvvəlki həyat və peşə statusunu qaytarmaqda bu adamlara kömək göstərmək istəyirdilər”… (“Yurda qayıt” məqaləsi, “Kommunist”, mart 1990).

Təsəvvürünüzə gətirin ki, Azərbaycanın belə ağır və o dövrkü Ayaz Mütəllibov hakimiyyəti üçün çıxılmaz vəziyyətində elə həmin o “Kommunist” qəzetinin mart saylarında ard-arda A.Nəbiyevin İlaxır çərşənbələrlə bağlı qurama çərşənbələrini “Baharın özgə hüsnü var” başlığı ilə verirlər. Ölkənin bu vəziyyətində baharın özgə nə hüsnü ola bilərdi? 20 yanvar hadisələrində canını fəda edən şəhidlərin qanı hələ qurumayıb… Xalq çaşqınlıq və matəm içindədir, bağlı olduqları Moskvanın satqınlığı, xəyanəti, M.Qobaçovun məkrli siyasəti kommunist partiyasına nifrəti, qəzəbi artırıb. Belə bir vaxtda “Kommunist” qəzeti M.Qorbaçovun mətbuat konfransının materiallarını, Sov.İKP XXVIII Qurultayına nümayəndələrin seçilmə qaydasını, Sov.İKP Mərkəzi Komitəsinin Plenumunun materiallarını 18 mart 1990-cı il sayında böyük səhifələrlə verir, axırıncı 6-cı səhifəsində A.Nəbiyevin “Baharın özgə hüsnü var…” silsiləsindən çərşənbə materialına da geniş yer ayırır. Sanki Azərbaycanda başqa problem yoxmuş kimi… Sadaladığım dövlət materialları ilə birgə, “Kommunist” qəzetinin eyni sayında yer almaq üçün rəsmi dövlət razılığı olmalı idi. O zaman məqsəd nə idi?

Maraqlıdır ki, ilk dəfə təbiətin, canlıların var oluşunda önəmli rolu olan ünsürlərin çərşənbələrə ad kimi verilməsinin məhz 1990-cı ilim martında şahidi oluruq. Həm də gecikmiş çərşənbə materiallarının ard-arda (16 mart – cümə günü, 17 mart – şənbə günü, 18 mart –bazar günü) saylarında, çərşənbə axşamları deyil, fərqli günlərdə (halbuki həmin il birinci (Yalançı, Əzəl) çərşənbə fevralın 27-ə, ikinci (Xəbərçi, Çıdırçı) çərşənbə martıb 6-a, üçüncü (Qara, Ölü) çərşənbə martın 13-ə, dördüncü (Axır) çərşənbə isə martın 20-ə düşürdü). 1990-cı ildə Axır çərşənbə ilin təhvil olması ilə üst-üstə düşmüşdü…

Azad Nəbiyevin “Novruz bayramı” toplusu da 1990-cı ildə çap olunmuşdu. Bildiyimiz kimi, bu topluda nə od, nə yel… çərşənbəsi yoxdur. Bütün ayin və etiqadlar Axır çərşənbədə özünə yer alır.

news-detailnews-detail

“Novruz bayramı” toplusunda yalnız Axır çərşənbə var…

Və parallel olaraq folklorçu “Kommunist” qəzetində tamamilə topluda yazdıqlarının əksinə gedərək başqa fikirlər söyləyir və ünsürləri çərşənbələrə pərçimləyir. Amma hələ fikirlərində tərəddüdlər var. Məsələn, od, yel yazsa da, Əzəl və Axır çərşənbəyə hələ ad qoya bilməyib. Elə Axır çərşənbə kimi də verir. Hələ torpaq məsələsi yoxdur…

Nə idi alimi eyni vaxtda çərşənbələrə ikili yanaşmağa vadar edən? Bu suala A.Nəbiyev özü bu oyunların nəticəsi olan “İlaxır çərşənbələr” (Azərnəşr, 1992, 62 s.) kitabçasına qeydlərində (s.59) cavab verir: “İlaxır çərşənbələrin ilkin çərşənbəsi barədə ilk geniş məlumat “Kommunist” qəzetinin 1990-cı il 16 mart tarixli “Əzəl çərşənbə” guşəsində verilmişdi… Qəzetin əməkdaşı… İlaxır çərşənbələrin hər birinə bir səhifəlik material hazırlamağı xahiş etdi. Dostum və həmkarımın xahişi yerinə düşdü…”. Onu da qeyd edək ki, həmin əməkdaş “Kommunist” qəzetində müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. Prezident aparatının humanitar siyasət şöbəsinin məsul işçisi olub (1991 – 1992).

Daha sonra A.Nəbiyev yazır ki, həmin dostu və o vaxt redaktoru əvəz edən R.Nağıyev… “İlaxır çərşənbələri” qəzetin 16, 17, 18, 19 mart tarixli nömrələrində səhifə yox, geniş guşə halında verməyə nail oldular… Elə kitabın yaranması da bu iki həmkarımın təşəbbüsü ilə oldu, sonradan hazırlanmış materialları kitab halına salıb nəşr etmək zərurəti yarandı”…

“Novruz bayramı” toplusunu hazırlayan bir folklorşünasdan qəzetin əməkdaşlarının Novruzla bağlı material istəməsi çox normaldır. Lakin çərşənbələr haqqında materialın istənməsi normal deyil. Çünki A.Nəbiyev toplusunda yalnız bir çərşənbədən – Axır çərşənbədən bəhs edir. Ondan digər çərşənbələr haqqında material istəyəndə, məcbur olub bir çərşənbəni parçalayaraq ad qondarılan digər üç çərşənbəyə verir… Azad müəllim niyə o qədər üzərində əziyyət çəkdiyi “Novruz bayramı” toplusuna xəyanət edir? Niyə toplunun adı belə bu gün Azad Nəbiyevin Vikipediyadakı əsərlərinin arasında yoxdur?

Bu gün müstəqil Azərbaycanımız hər cəhətdən, o cümlədən də iqtisadi cəhətdən güclü ölkələr arasında özünə layiqli yer etmişdir. Ölkə başçısının ağıllı, uzaqgörən siyasəti və fərdi xüsusiyyətləri, ilk növbədə də ölkəsini müstəqil görmək istəyi vətəndaşlarımızın qonşu və keçmiş Sovetlər Birliyindən çıxan xalqlardan daha yaxşı yaşamasına şərait yaratmışdır. Günümüzdə ölkəmizin hərtərəfli gücünü qısqanan xarici qüvvələr və onları dəstəkləyən daxildəki “qurdlarımız” var… Dövlətimiz Novruz bayramına milli dəyərlərimizi özündə daşıyan bir xalq bayramı kimi yanaşır və kifayət qədər dəbdəbəli keçirilməsinə şərait yaradır. Lakin bizim bu gün, vaxtilə Ayaz Mütəllibov hakimiyyəti zamanı ölkədəki böhranı unutdurmaq məqsədilə qondarılmasına rəvac verdiyi dörd ünsür – dörd çərşənbə yalanlarına ehtiyacımız yoxdur. Xalqın keçirdiyi çərşənbələrin (Yalançı, Xəbərçi, Qara, Axır ) hər birində lazımi ayinlər içra olunurdu. Heç də hər birində çal-çağır, bol, bahalı süfrə olmurdu. Televiziya kanallarının müğənnilərin evlərindən çəkdikləri hər çərşənbə qurulan dəstərxanlara tamaşaçılar arasında münasibət birmənalı deyil. Hamı eyni cür yaşamır və bu da təbiidir. Amma hər çərşənbə efirlərdə göstərilən bu çal-çağırlar, əndazəsindən çıxan süfrələr qıcıq yarada bilər… Xalqımız bütün yaradıcılığını Axır çərşənbədə ortaya qoymuşdur…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here