Bildiyimiz kimi ideyalar kütləni formalaşdıran əsas vasitələrdən biridir. İdeyaların xaotik və qaynar olduğu 20-ci əsr ərzində önəmli məqamları ilə seçilən bir ideya-dövlət formasiyası da Sovetlər olmuşdur. Bizi burada maraqlandıran və üstündə durmağımızı sövq edən ana fikir “kommunizm və sadəlik(bəsitlik) və sovet insanı olan homo-soveticusun yaradılmasıdır”. Beləliklə, biz ilkin olaraq “kommunizm və sadəlik” fikrini ələ alaq.

Məsələn, biz bütün sovet istehsal məhsullarına baxsaq, orada bizi qəribə bir auraya bürüyən sadəlik(bəsitlik) tendensiyasını görə bilərik. Misal üçün, biz bu gün də belə, sovet istehsalı olan metro qatarlara baxdığımız zaman onların dizaynındakı o sadəliyi sezə bilərik. Belə ki, bu qatarların rəng seçimlərinin solğun və monoton formada olması, qatarların və onların daxilindəki əşyaların dizaynındakı quruluş bəsitliyi, ehtişamlı olmayan görünüşdəki oturacaqlar və s. Eyni zamanda sovetlərdə və ondan bəri istehsal edilən “jiquli” markalı maşınların dizaynları da “Qatar” məsələsindəki analoji halı təkrar edir. Sovet zamanı tikilən yaşayış binaları və dövlət binaları da standart və ehtişamlı olmayan bəsit memarlıq üslubunda özünü göstərir.

Məsələn biz yaşayış binası olaraq 5 mərtəbələrə və 9 mərtəbələrə baxsaq bunu aydın sezə bilərik. İstər binanın bloklarının quruluşu, liftin quruluşu, yaxud evlərin daxili quruluşu bunu inikia edir. Məsələn, istifadə edilən əşyaların bəsit (kvadrat, yaxud düzbucaqlı) formada olması da diqqəti cəlb edən əsas nüanslardandır. Ən əsas məsələ də əlbəttə yuxarıda da qeyd edildiyi kimi rəng seçimlərinin solğun, monoton olmasıdır. (əsasən də açıq solğun sarı rənglər, yaxud açıq göy rənglər üstünlük təşkil edir). İnsanların geyimləri də (yerli istehsaldırsa) öz bəsitlik və rəng solğunluğu ilə diqqəti cəlb edir. Bütün bu sovet istehsalı məhsullarına baxarkən, sanki cizgi filmi karikaturaları ilə assosativ bir bağlılıq yaranır.

Şəhər quruculuğu da əsasən (istisnaları çıxmaqla) bəsitlilik və sadəlik üzərində aparılmışdır. Bütün bu məsələləri ələ aldığımız zaman ortaya vacib bir sual çıxır. Bütün bunlar nəyə lazım idi ? Cavab isə budur Homo-soveticus adlandıracağımız sovet insanını yaratmağa.

Sovet insanı kimdir və onun xarakteristikaları nələrdir?

O, sadə olmalıdır, hər cür ehtişamlılıqdan uzaq bəsit bir ömür sürməlidir. Maddi dünyanın ehtişamları onu ilgiləndirməməlidir, çünki ideal insan(homo-soveticus) ehtişamdan, maddi olanın əsarətindən qaçaraq öz mənəvi dünyasının gözəllikləri ilə seçilməlidir. (Maraqlı paradokslu bir məqam da budur ki, kommunizm-sovetlər materializmi(maddəsəl varoluşu) qəbul edib əsas ana ideya etsələr də bir çox şərq asketik fəlsəfi təlimlərində rastlanan əsas anoloji halı–ehtişamdan uzaqlaşmanı önə sürmüşdür.)

Bütün bu yuxarıda sadaladıqlarımız  vahid ideyanın ideal tipini formalaşdırmaq üçün önə sürülən vasitələr olmuşdur. Məsələn, insanların kommunizmin sadəliyini andıran solğun rəngli, bəsit quruluşlu qatarlardan, maşınlardan və evlərdən istifadə etməsi onun altşüurunun yapılandırılması üçün düşünülmüş psixoloji oyun idi. İstər-istəməz onun psixikasına hopdurulan“kommunizm-sadəlik” ideyasının maddi olaraq əşyalarla assosasiya olması mütləq idi.

Əgər belə olmasaydı o zaman daxili və xarici aləmin tarazılaşmasında təzadlar yaranacaqdı. Çünki daxili aləm nə qədər sadə və bəsit isə xarici aləmin təzahürü olan əşyaların mürəkkəbliliyi və ehtişamı bu psixikanı alt-üst edəcəkdi və təzadlardan yaranan dərin kədər onları iztiraba boğacaqdı. İztirabın, xroniki depressiyanın isə zamanla aqressiyaya çevrilməsi ilə inqilab/üsyan baş qaldıracaqdı. Həm də sovetin insanlara daha az maddiyyatla yaşamağı  öyrətməsi əsas səbəblərdən idi.

Müəllif: Mete Türksoy

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here