“Qanunları yazmaq kimi bir bacarığım olsa da qanunlara tebe olmaq kimi bir instinkim yoxdur.”

Çünki azadlığım bütün ideyalardan, dəyərlərdən öndə gəlir. Unutmayın ki, insan üçün insanın birinci “məni” var, sonra “bizi” var. Ona görə də insan hər zaman hər addımında öz eqosundan çıxış etmişdir. Vətən, millət, ölkə, bəşəriyyət bütün dəyərlərdən öz azadlıq dəyərini üstün tutmuşdur. O, vətəninin inkişafını düşünən bir vətənpərvər olarkən də millətini düşünən bir millətçi olarkən də yaxud ümumi-bəşəri konsepsiyadan çıxış edərək bir liberal, yaxud kommunist olarkən də öz eqosundan hərəkət etmişdir. Çünki o, hər zaman öz xoşbəxtliyini düşünmüşdür, ancaq altruist olub özü xoşbəxt olsa da  millət üçün bəşəriyyət üçün canından keçən, yaxud min bir iş görən şəxslər də öz eqolarından hərəkət edirlər. İnsanlar öz eqolarını qidalandırır, lakin hər eqo eyni qidanı tələb etmir, elə eqo var ki, məhz o özünü fəda etməklə qidalanır, altruizm olur onun qidası, ona görə də altruizm eqosuzluq deyil məhz elə o da eqonu yemləməyin bir növüdür. Bu səbəbdəndir ki, hər şey, hər addımımız eqomuzdan yola çıxır.

Bütün siyasi-fəlsəfi ideyaların, siyasi sistemlərin, qanunlar toplusunun əsl əxlaqi prizmaya uyğun olan fəlsəfi mahiyyəti  insanın xoşbəxtliyini təmin etməkdən ibarətdir və ibarət olmalıdır, insanın xoşbəxtliyi isə onun azadlığında gizlidir. Beləliklə insan azadlığının dəyəri o ideyaların, qanun topluluqlarının dəyərindən üstündür. İnsan azad doğulmuşdur, hətta dini əfsanələrə nəzər salarsaq insan öz azad iradəsinin ucbatından qadağaya tabe olmayaraq “qadağan olunmuş meyvədən” – ( mən bu meyvəyə dərketmə və azad iradə meyvəsi deyərdim) yemişdir və o gündən öz azadlığının cəzasını çəkmişdir, ancaq bu azadlıq həm də həqiqətən aliləşməyə, kamilləşməyə kölə kimi yaşamadan öz ayaqları üstə dura bilməsinə gətirib çıxarmışdır.

O əfsanələri quran xalqların mifoloji dünyagörüşündən açıq aydın insan iradəsinin mütləq kölələşdirilməsi, insanın xoşbəxt olmağa yaşamağa tək özbaşına gücünün yetməməsinin və özünü mükəmməl saymayaraq, natamamlıq kompleksini yaşadığını sezmək olur. Bu –  “qadağan olunmuş meyvə” əfsanəsi sadəcə müəyyən kütləni idarətmə arzusunda olanların, yaxud da kölə-əxlaqlı şəxslərin uydurması idi.

“İnsan doğularkən azad doğulur, bəs azad yaşayırmı, yaxud ölərkən azad ölürmü” ?

Hər hansı bir insan bəlkə də azad yaşamaq və ölmək xoşbəxtliyinə sahib olur, ancaq bütün insanlar hər zaman bu fövqəlxoşbəxtliyə malik olmur. Min illiklər sonra bu gün də insanın azad iradəsini əlindən alıb onu kölə-əxlaqlı edən, məhz o min illər öncələrdə qadağan olunmuş meyvə əfsanəsinin müəllifləri və müəlliflərlə eyni idarəetmə ehtirasına, eyni əxlaqi bünövrəyə malik olan şəxslər, yaxud qruplardır.Azadlıq haqqında müxtəlif konvensiyalar, konsepsiyalar, doktrinlər, nəzəriyyələr hazırlanır, mən isə sual verirəm : “kim görüb su içmək, yemək yemək konsepsiyaları, doktrinaları olsun” ? Amma çox qəribədir ki, yemək kimi, su içmək kimi təməl faktor olan azad olmaq instinki üçün yüzlərlə doktrinlər,konsepsiyalar qanunlar hazırlandı və hazırlanmaqdadır.

Çünki biz azad deyilik, ruhən azad deyilik, eləysə bu azadlığı fəlsəfi konteksdə axtarmağın anlamı yoxdur.Nə qədər konsepsiyalar yazılacaq, bir o qədər də biz azad olmayacağıq. azadlıq vərəqlərdə olmur ruhlarda olur.. Biz ruhən, rasional əsasla desək beynimizlə, yəni beynimizdə, şüurumuzda azad olmalıyıq. Hər şey beyində başlayır və yox olur.

 Ümumən sual oluna bilər ki, azadlıq özü nədir ?

Azadlıq geniş, çoxşaxəli bir nəsnədir. Ancaq mən azadlığı qısa bir sözlə ifadə edərək insanı xoşbəxt edən faktorların topluluğu deyərdim. Bu kimin üçünsə rahat, sakit halda evində kitab oxumaq, istədiyi kitabları əldə etmək, yaxud istədiyi insanlarla səmərəli vaxt keçirmək, ölkənin sosial bazasını təşkil edən bir vətəndaş olaraq dövlətin qayğısnı öz üzərində hiss etməsi, maddi problemlərinin həll edilməsi və s ola bilər. Azadlıq nə qədər ümumi və mütləq olsa da həm də nisbiliklərdən ibarətdir,çünki insanların beyinləri eyni rənglərin qarışımından yaransa da o rənglərin müxtəlif çalarlarını almışdır. İnsan üçün mütləq və fundament dəyər olan azad- xoşbəxt olmaqdır, ancaq o xoşbəxtliyə gedən yol hər kəs üçün müxtəlifdir.Azadlığa gedən yolda sən tək olacaqsan, amma xoşbəxt olacaqsan çünki bu sənin, bəli, məhz sənin xoşbəxtliyinə gedən yolundur.Odur ki, insan öncə özünü tapmalı, kəşf etməlidir, sonra o, onu xoşbəxt edəcək şeyləri dərk edəcəkdir. Və artıq dərk etdikdən sonra o şeylər üçün savaşmalı, onları əldə etməlidir. Azadlıq təməl dəyər olsa da əsrlərlə idarəedici qrupların, onların yaratdığı daşlaşmış ənənələrin təsiri nəticəsində bizim əlimizdən böyüdükcə alınır və biz kölə edilirik. Biz yenidən öz təməl dəyərimizi , haqqımızı almaq üçün savaşmağa məcbur qalırıq. Biz savaşmalıyıq bütün bizdən öncə var edilən, bizə zərərverən o dəyərsiz “dəyərlərə” qarşı. Hər nəslin öz dəyərlər kodeksi var və biz öz kodekslərimizi özümüz yazmalıyıq, bizə, bu günə uyğun olanı və bizim üçün ən yaxşı olanı, yəni bizi xoşbəxt edəni.

Azadlığımız savadlanmağa məcbur və məhkum olmaqdan başlayır.

Savad, elm olmayan yerdə aydınlanma, özünü və dünyanıdərk prosesi baş tutmur. Bizim yeganə köləliyimiz qoy bizim maariflənməyimiz, aydınlanmağımız olsun. Çünki bizim savadımız bizi kölə kimi ağılsızca idarə olunmaqdan qoruyacaqdır, xilas edəcəkdir. Qurtuluşumuz kitablarda, mənəvi kamilləşməyimizdədir.

İstər Nəiminin və Nəsimin kamil insanı ol, yaxud F.Nitsşenin fövqəl insanı, fərqi yoxdur, əsas odur ki, öz insanlıq mahiyyətini dərk et və sənin üçün hazırlanmış o qızıl qəfəsləri tərk et.

Mete Turksoy

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here