Aylıq ödənişi etməkdə çətinlik çəkən vətəndaşlar çıxış yolunun nədə olması və öz hüquqları barədə az məlumatlıdırlar.

BBC Azərbaycanca oxucularının bank kreditləri ilə bağlı sualları hüquqşünas Əkrəm Həsənov cavablandırıb.

Oxucu: Banklara borcumu ümumiyyətlə ödəyə bilmirəm, nə etməliyəm?

Ə.H.: Ödəyə bilmirsinizsə, ödəmirsiniz təbii. Buna görə sizi heç bir inzibati sanksiya və ya cinayət cəzası gözləmir. Lakin onu nəzərə alın ki, kreditə görə girov qoymusunuzsa, həmin girov əmlak sizdən alınıb satıla bilər. Eyni zamanda adınıza olan digər əmlak da sizdən alına bilər (bəzi istisnalarla: məsələn, yeganə ev alına bilməz və s.). Aylıq rəsmi gəliriniz varsa, onun maksimum yarısı sizdən tutula bilər, amma bu zaman sizə və himayənizdə olan şəxslərə yaşayış minimum mütləq qalmalıdır, yəni o, toxunulmazdır. Bütün bunlar sizdə yoxdursa, gəliriniz yoxdursa, ümumiyyətlə, narahat olmayın: kredit batmış kimidir və sizə heç nə edə bilməzlər. Ancaq nəzərə alın ki, borcu ödəmək sizin mənəvi borcunuzdur.

 

Oxucu: Son 3 aydır aylıq ödənişi etmirik, bank zəng vurmayıb. Amma evin sənədi bankdadır. Bank evi ala bilərmi? (Banka olan borcumuz evin qiymətindən azdır.)

Ə.H.: Hər şey “evin sənədi bankdadır” ifadəsinin əsl mənasından asılıdır. Əgər ev girov qoyulubsa (yəni notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında), bu halda bank evi açıq hərracda satdırıb pulunu götürə bilər. Yox, əgər sadəcə sənəd banka verilibsə, bunun heç bir hüquqi qüvvəsi yoxdur və ev sizdən alına bilməz.

 

Oxucu: Banklardan birində dollarla avto-kredit götürmüşəm, aya 450 dollar düşür. Bu 2013-cü ildə 350 manat edirdi, indi isə 700 manatdan çoxdur. Əmək haqqım isə əvvəl də 500 manat idi, indi də. Mən necə edə bilərəm?

Ə.H.: Əslində, bank sizi aldadıb. Avto-kredit yalnız manatla ola bilər. Çünki avtomobilin ölkə ərazisində dollarla alınması qanunsuzdur və mümkün deyil. Bankı məhkəməyə verib müqaviləni etibarsız hesab etdirə və borcu köhnə məzənnə ilə manatla ödəyə bilərsiz.

 

Oxucu: Kreditin ödənişini bankın baş ofisindən bir neçə aylıq dondurub, sonra yenidən ödəməyə başlamaq olarmı?

Ə.H.: Yalnız bankın razılığı ilə. Əks halda, müqavilə şərtinin pozulması hesab ediləcək.

 

Oxucu: Aylıq ödənişi ödəyə bilmirəm, necə edim ki, aylıq ödəniş məbləği azaldılsın?

Ə.H.: Banka xahişlə müraciət etmək olar. Razı olmasa, məhkəməyə müraciət etmək olar.

 

Oxucu: Ailə başçısı rəhmətə gedib. Ailənin banka 400 manat borcu var, heç bir üzvü də pensiya almır və başqa gəlir yeri yoxdur. Bankdan hər gün zəng vururlar. Ailə nə etməlidir?

Ə.H.: Krediti mərhum götürübsə və əgər mərhumun adına heç bir əmlak yoxdursa, kredit batmış hesab olunmalıdır. Ailə üzvlərinin həmin krediti ödəmək vəzifəsi yoxdur. Yox əgər mərhumun adına əmlak varsa, kredit həmin əmlakın hesabına ödəniləcək.

 

Oxucu: İşsizəm, 18 min dollar borcum var. 21 min manat ödəsəm, borcumu bağlaya bilərəm?

Ə.H.: 18000 dollar indi 28800 manat edir. Buna görə də bank həmin məbləği tələb edəcək və 21000 ödəsəz onu qane etməyəcək. Buna görə də müqavilə şərtləri və işin halları imkan verirsə, bunu yalnız məhkəmə yolu ilə edə bilərsiz.

 

Oxucu: Adinda kredit borcu olan şəxs ölkədən çıxa bilərmi?

Ə.H.: Bəli, bilər. Yalnız krediti ödəməsi haqda məhkəmə qərarı olsa və o həmin qərarı üzrsüz səbəbdən icra etməsə (məsələn, pulu var, amma ödəmir), ona ölkədən çıxış məhkəmə qərarı ilə yasaq edilə bilər.

 

Oxucu: Bir neçə bankdan kredit götürmüşəm, borcun biri dollarladır. Yoldaşım dövlət işində çalışır, əmək haqqısı 330 manatdır, pensiyam isə 138 manatdır. Banka hər ay ümumilikdə 539 manat ödəməliyik. Nə edə bilərik?

Ə.H.: Girov yoxdursa, imkanınız daxilində ödəmək haqda bankla razılığa gəlməyə çalışın. Bank razılığa gəlməsə, onu məhkəməyə verin.

 

Oxucu: Zamin durduğum adam rəhmətə gedib. Nə etməliyəm?

Ə.H.: Təəssüf ki, bank borcun ödənilməsini sizdən tələb edə bilər. Əmlakınız varsa, ödəməli olacaqsız.

 

Oxucu: İki bankdan kredit götürmüşəm, 225 manat ödəyirəm hər ay. Əmək haqqım isə 200 manatdır. Başqa bankda isə zaminəm. Bilmək istəyirəm ki, mən bunları ödəməsəm olarmı? Əgər məhkəməyə baş vursam, nə isə əldə edə bilərəmmi?

Ə.H.: Girov yoxdursa, məhkməyə verin və yaşayış minimumundan yuxarı məbləğin ödənilməsini tələb edin. Yaşayış minimumu 146 manatdır. Deməli, banklara ayda cəmi 54 manat ödəyəcəksiz.

 

Oxucu: Kredit borcumu ödəməkdən imtia etsəm, zamin də imtina etsə nə olar?

Ə.H.: Borc əmlakınızdan tutula bilər. Təbii, əgər əmlak varsa. Həmçinin 3-cü sualın cavabına baxın.

 

Oxucu: Azərbaycanda bankları, təzminatla bağlı məhkəməyə versək udmaq şansımız varmı?

Ə.H.: Əlbəttə, əgər təzminata hüququnuz varsa.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here