İlk dəfə prezident seçildikdən 17 il sonra Vladimir Putinin hakimiyyəti heç vaxt olmadığı kimi güclüdür. Rusiyanı hələ də postsovet dövləti kimi görən Qərb hərdən Putini Stalindən sonra ölkənin ən güclü lideri hesab edir. Ruslar getdikcə daha çox tarixi keçmişə boylanırlar. Rusiyanın həm liberal islahatçıları, həm də ənənəçi mühafizəkarları Vladimir Putindən XXI əsrin çarı kimi danışırlar.

Vladimir Putin  bu titula layiqdir: o, rusların əksəriyyətinin də hesab etdiyi kimi ölkəni 1990-cı illərin xaosundan xilas edib, həmçinin dünyanın onunla hesablaşmasına nail olub. Lakin Oktyabr inqilabının 100 illik yubileyi yaxınlaşdıqca belə bir xoşagəlməz fikir meydana çıxır ki, bütün çarlar kimi Putinin də öz zəif cəhətləri var.

Postsovet məkanını əhatə edən “rəngli” inqilablar Putini narahat etsə də, daha böyük təhlükə kütləvi üsyan və ya bolşevizmin yüksəlişi deyil. Təhlükə ondan ibarətdir ki, gələn il Putinin şübhəsiz qələbə qazanacağı seçkilərdən sonra o, konstitutsiyaya uyğun olaraq sonuncu dəfə altı il müddətinə prezident kürsüsünə əyləşəcək. Və belə bir qorxu güclənəcək ki, çar Vladimir digər rus liderləri kimi özündən sonra iğtişaşlar, kütləvi həyəcan və sarsıntılar qoyub gedəcək.

Sərt idarə

Vladimir Putin dünyada mütləq hakimiyyətə malik yeganə lider deyil. Son 15 il ərzində şəxsləndirilmiş avtoritar idarəetmə sistemi bütün dünyaya yayılıb və Vladimir Putin halında olduğu kimi çox vaxt “qalib hər şeyi alır” prinsipi əsasında təşkil olunan demokratiyanın həssas əsası üzərində qurulub. Bu sistem Sovet İttifaqının süqutundan sonra yaranan liberal zəfərə kəskin cavab olub. Türkiyədə Recep Tayyip Ərdoğan, Venesuela mərhum Uqo Çaves (Hugo Chavez), Hindistanda baş nazir Narendra Modi (Narendra Modi) özlərini elə aparırlar ki, guya bilavasitə xalqın iradəsi nəticəsində xüsusi səlahiyyətlərə malik olublar. Çində Si Tsinpin (Xi Jinping) ötən həftə rəsmi şəkildə kommunist partiyası üzərində mütləq nəzarətini təsdiqləyib.

Putinin avtoritar idarə üsulu tamamilə yeni bir üsul olub. O, bu hakimiyyət “maşınının” işləmə mexanizminin parlaq təzühürü olan Rusiya imperiyasının tarixini yada salır.

Vladimir Putin bir çar kimi hakimiyyət piramidasının zirvəsində yerləşir. 2001-ci il oliqarxlara qarşı çıxdıqdan sonra KİV-i nəzarət altına alan Putin sonradan neft və qaz şirkətlərini də ələ keçirib. Hakimiyyət və pullara çıxış tamamilə onun vasitəsilə həyata keçirilir. Bu gün boyarlar ona xidmət edir. Eynilə daha aşağı vəzifəyə sahib olanlar boyarlara xidmət göstərdiyi kimi. Və xidmət pilləkənı aşağıya doğru bu şəkildə davam edir. O, hakimiyyətə hüquqi don geyindirir, lakin hamı prokuror və məhkəmələrin ona tabe olduğunu bilir. Onun reytinqi 80%-dən daha çoxdur. Çünki o, xalqı inandırıb ki, “Putin yoxdursa, Rusiya da yoxdur”.

I Pyotrun dövründən bu yana bütün rus hökmdarlarını düşündürən, həmçinin inqilab ərəfəsində III Aleksandr və II Nikolayın üzləşdiyi problem bu gün bir çar kimi Putini də narahat edir. Rusiya Qərb yolunu seçməklə müasirləşməlidirmi yoxsa sabitliyi ləğv edib, onlardan uzaq durmağa çalışmalıdır? Bunu düşünən Putin iqtisadiyyatı liberal texnokratlara, siyasəti isə keçmiş KQB əməkdaşlarına həvalə etmək qərarına gəldi. Bu qərarın nəticəsi olaraq, iqtisadiyyatda siyasət dominant mövqe sərgiləyir və Rusiya buna görə bədəl ödəməli olur. Sanksiyalar və rublun devalvasiya dövründə yaxşı təşkilatçılığa baxmayaraq, iqtisadiyyat əvvəlki kimi təbii resurslardan çox asılıdır. Hazırda iqtisadiyyat illik ÜDM artımını təxminən 2% təmin edə bilər. Halbuki 2000-2008-ci illər ərzində neftin hesabına ÜDM artımı 5-10%-ə çatırdı. Zaman keçdikcə bu, Rusiya ambisiyalarını azaldacaq.

Və bir çar kimi Putin də hakimiyyətini repressiya və hərbi münaqişələr vasitəsilə qoruyub saxlayır. Ölkə daxilində sabitlik, ənənə və pravoslav dini naminə o, siyasi müxalifəti, feministlər, QHT və homoseksuallar da daxil olmaqla sosial liberalları sıxışdırır. Ölkə xaricindəki faəliyyəti – Krımın ilhaqı, Suriya və Ukraynada hərbi kampaniyalar – onun nəzarəti altında olan KİV-də axşam xəbərlərinə parlaqlıq qatır. Və onun atdığı bu addımlar Qərbin qəzəbinə səbəb olub. Bu qəzəb nə qədər əsaslı olursa olsun, ruslara göstərib ki, 1990-ci illərdə yaşanan təhqirlərdən sonra Putin yenidən ölkənin gücünü sübuta yetirdi və onun qüdrətini nümayiş etdirdi.

Bu postmodernist çar dünya üçün nə deməkdir? Dərslərdən biri rus təhlükəsinə aiddir. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qərb digər ölkələrdə, xüsusilə Baltik ölkələrində rus revanşizmindən ehtiyatlanır. Lakin 1904-1905-ci illərdə rus-yapon müharibəsi və I Dünya müharibəsi zamanı II Nikolayın başına gəldiyi kimi Putin də legitimliyini itirmədən daha çox sayda insan tələfatına yol verə bilməz. Tarixi bildiyi üçün bu gün çar daha çox opportunist olacaq, şəraitə uyğun, praqmatik və heç bir münaqişəyə yol vermədən davranacaq. O, risk edib real qarşıdurmaya girməyəcək, bu, daha çox müharibənin görüntüsü, kölgə ilə döyüş olacaq. Ölkə daxilində isə vəziyyət tam başqadır. Hakimiyyətdə olduğu bütün bu müddət ərzində Putin sərt repressiyalara xüsusi meyl göstərməyib. Amma Rusiyanın dəhşətli əzablarla zəngin olan tarixi göstərir ki, qorxu ab-havası və çaşqınlıq başçının legitimliyini sarsıtsa da, kütləvi repressiyalar, ən azı müəyyən bir müddətə hakimiyyəti möhkəmlədə bilir. Ona görə ruslar əvvəlki kimi ehtiyat etməlidirlər.

Ana Rusiyanın övladı

Başqa bir dərs varisliklə əlaqədardır. Oktyabr inqilabı Rusiyanın yaxın keçmişində hərc-mərclik və sarsıntılar dövründə bir hökmdardan digər hökmdara hakimiyyətin ən ekstremal keçid halıdır. Vladimir Putin hakimiyyəti qohumlarına və ya kommunist partiyasının hər hansı bir üzvünə ötürə bilməz. Ola bilsin, o xələfini elan etsin. Bu rola lazım olan şəxs kifayət qədər zəif olmalıdır ki, onu idarə etmək mümkün olsun. Ancaq eyni zamanda kifayət qədər güclü olmalıdır ki, rəqibləri “neytrallaşdıra bilsin”. Bu cür keyfiyyət uyumu demək olar ki, real deyil. Ola bilsin, o da Den Syaopinin (Deng Xiaoping) (Çin bric oyunçuları assosiasiyasının fəxri prezidenti kimi) gizli həyata keçirdiyi üsula əl atacaq. Və ya ötən həftə baş tutan partiya qurultayında qəsdən xələfini açıqlamayan Si Tsinpinin (Xi Jinping) açıq şəkildə həyata keçirməyə çalışdığı üsulu seçəcək. Vladimir Putin Rusiya Dzüdo Federasiyasının səhnə arxasında fəaliyyət göstərən “boz kardinalı” da olsa, bu yalnız qaçılmaz məqamı təxirə salacaq. Hakimiyyətin yeni liderə qanuni yolla ötürülməsinin həqiqətən demokratik mexanizmin yoxluğu şəraitində növbəti lider, çox güman, Rusiyanın parçalanmasının başlanğıcı olacaq hakimiyyət uğrunda mübarizənin nəticəsində meydana çıxacaq. Nüvə silahına malik olan dövlətdə belə bir vəziyyətin baş vermə ehtimalı insanı təşvişə salır.

Bu gün Putin nə qədər güclüdürsə, hakimiyyəti ötürmək ona bir o qədər çətin olacaq. Dünyanın belə bir paradoksla barışmağa çalışdığı bir vaxtda Putin hər şeyin əbədi olmadığını başa düşməlidir. 100 il qabaq bolşevik inqilabı Marks determinizminin sübutu hesab olunurdu. Əslində isə məlum oldu ki, sona qədər müəyyən heç bir şey yoxdur, heç nəyə tam əmin olmaq olmaz və tarixin öz acı ironiyası var.

Mənbə :THE ECONOMİST

XPressa.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here