Türkiyənin Antalya şəhərində “Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxanaları Birliyi”nin növbəti konfransı keçirilib.

Konfransda ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və baş mütəxəssis Gülbəniz Səfərəliyeva təmsil edib.

TuranTV-nin Report-a istinadən verdiyi məlumata əsasən, tədbirə 20-dən artıq ölkədən nümayəndələr – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Bosniya və Herseqovina, Makedoniya, Şimali Kipr, Moldova (Qaqauz Yeri), Rusiya Federasiyasının Başqırdıstan, Saxa (Yakutiya) və digər ölkələrin milli kitabxanaları qatılıb.

İştirakçıları salamlayan Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman konfransın türkdilli ölkələr üçün əhəmiyyətini qeyd edərək tədbirin işinə uğurlar arzulayıb.

Tədbir iştirakçıları milli kitabxanalarda olan innovasiyalar haqqında təcrübələrini bölüşüb.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək təşkilatın yaranma tarixindən, bu günədək görülən işlərdən danışıb. Baş mütəxəssis Gülbəniz Səfərəliyeva isə “Azərbaycan Milli Kitabxanası elm, təhsil və mədəniyyətdə informasiya-kitabxana resursu kimi” mövzusunda məruzə ilə çıxış edib.

Konfransda iştirakçı ölkələrin milli kitabxana rəhbərlərinin də məruzələri dinlənilib.

Tədbirdə “Türkdilli Ölkələr və Qohum Topluluqlar Milli Kitabxanaları Birliyi”nin əsasnaməsi qəbul olunduqdan sonra rəsmi imzalanma mərasimi keçirilib və idarə heyəti təsdiq edilib. Təşkilatın loqosu da təsdiq olunub.

İmzalanma mərasimindən sonra Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ömer Arısoy çıxış edərək təşkilatın işinə uğurlar arzulayıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here