İnsanlar arası münasibətlər mürəkkəbləşdiyindən bəri bu münasibətləri tənzimləmək zərurəti yaranmışdır. İlk olaraq bildiyimiz kimi bu münasibətlər əxlaqi normalar, adətlərlə tənzimlənmişdi. Təbii ki, icmaların böyüyərək dağılması və daha geniş birlikdəliklərin yaranması dövləti yaratmış, dövlət isə özlüyündə müxtəlif adətli icmaları özündə birləşdirdiyindən vahid konsepsiyaya uyğun ədalət tənzimləyicisi sistemi olan hüququ yaratmışdır.

Bildiyimiz kimi, hüquq iki yerə bölünür: Pozitiv hüquq və Təbii hüquq.
Pozitiv hüquq, hüquq elmində belə mənalandırılır ki, bu dövlətin diqtə etdiyi qanunlardır və bunlar dəyişiləbiləndir, lakin Təbii hüquqlar/haqlar təbiətin diqtə etdiyi qanunlar/haqlar olduğundan, heç bir subyekt(dövlət, şəxs, struktur)tərəfindən insandan alına bilməz, dəyişdirilə bilməz.

Bizim burada toxunacağımız əsas məsələ Təbii hüquqların, həqiqətən, təbii olmasıdırmı ? Bu suala cavab bir neçə arqument əsasında müzakirə edilərək verilə bilər.

İlk olaraq heç kəs unutmamalıdır ki, Təbii hüquqlar ilkin olaraq ilahi-mənşəyi hüquqlar sayılırdı, hansı ki, bunu insana ilahi verib və yalnız o bu hüquqlara qarışa bilər(ölüm), yarğılaya bilər(cəhənnəm). Zamanla dini reformasiyalar buradakı “Tanrı” anlayışı “Təbiət” anlayışına transformasiya etdi. Əslində, bu transformasiya mən deyərdim problemi daha da artırdı. Ümumən, bu cür humanist, tolerant hüququ/haqqı təbiətlə, təbiiliklə bağlamaq düzgün deyildir.

Birincisi, təbiətdə toxunulmaz deyə bir şey yoxdur, zərurətlər, ehtiyaclar hər cür toxunmanı qəbul etdirir. Təbiət qanunları, həqiqətən, dəyişdirlə bilməz, amma biz bir insanı edam edə təhqir edə bilərik belə çıxır biz təbii hüquqları/haqları tapdamış olduq, əslində isə təbiətdən gələn heç bir normativ basdırıla bilməz.

İkincisi, təbiət bizə, həqiqətən yaşamaq hüququ/haqqı verib, amma təbiətin bu sistemi haqq və hüquq prinsipi ilə işləyir. Sənin yaşamaq hüququn sənin yaşamaq haqqınla, bacarığınla, yaşamağa can atmağınla, daha adaptiv fərd olmağınla ölçülür və düz mütənasibdir.

Təbiət canlılara o hüquqları tanyır ki, o canlılar bir fərd olaraq o hüququ haqq edirlər.

Şərəf və ləyaqətin alçaldımaması prinsipi: Onu qeyd etmək mütləqdir ki, şərəf, ləyaqət və təhqir edici hərəkət, söz ölçüləri sonradan insan zəkası ilə bərabər yaranan məsələlərdir. Şərəf süni bir qavramdır, insan zəkasının məhsuludur. Bu təbii deyil, insan xislətinin, yaxud təbiətin diqtəsi deyil, biz bunu praktik olraq da görə bilərik. Məs: elə ölkələr var ki, orada şərəf alçatmaq kimi qəbul edilən söz, hərəkət digər yerdə eyni formada qarşılanmır, demək, bu sadəcə beynimizin yaratdığı dəyərlər sisteminin təzahür müstəvilərindən biridir.
İşgəncə etməmək prinsipi: ümumən, bu da zəkaya aid bir şeydir çünki ibtidai icma təbii xislət bunu dərk edəcək potensialda deyil. Təbiətdə, sadəcə bir şey var, ehtiyacın varsa öldür, ye artıq işgəncə edərək hansısa ifadəni almaq, sirri açmaq bu inkişaf etmiş insan zəkasının və zəkanın məhsulu olan dövlət strukturunun fəaliyyət proyeksiyasıdır.

Bütün bunları ümumiləşdirərək nəticəni qeyd edək:

Təbii hüquqlar/haqlar, əlbəttə, şübhəsiz insan cəmiyyətini humanizmə, tolerantlığa və sağlam inkişafa aparacaq fundamental, fəlsəfi trayektoriyadır. Sadəcə biz bu hüquqlara “natural rights” (təbii haqq/hüquq) adını deyil də, “rational rights” (rasional hüquq/haqq) adını verməliyik.

Çünki yuxarıda da qeyd etdiyimiz kimi təbii hüquqların prinsipləri/maddələri sırf zəkaya əsaslıdır. Ümumən, hüquq və haqq əxlaqi müstəvidən doğduğu üçün əxlaqın özünün də ağıl əsaslı olduğundan dolayı (əxlaq empati sayəsində yaranıb)hüquqlar tamamən rasionalizmə dayalıdır.

Ümumi hüquqi və fələsfi ədəbiyyatda bu belə qəbul edilməlidir və “rational rights” adlanmalıdır. Düzdü, mən qəbul edirəm ki, kilsənin və konservatizmin ən ağır dönəmlərində insanlığı qurtarmaq naminə humanizm mübarizəsinin əlində olan tək silah bu idi və onun ilk olaraq ilahi hüquq adlanması da Tanrıya istinadən insanı insandan qorumaq idi, sonrada elmin renessansı ilə bioloji kimlikdən yola çıxaraq “natural” (təbii) adı verildi. Axı kütlə yalnız mif, qorxu və mütləqlik qarşısında acizdir ona görə də mifin (ilahi qanunlar) və mütləqliyin ( elmin diqtəsi: təbiətdən gələn hüquq) vasitəsi ilə insan insandan qorundu, tamamilə rasional olan bu hüquqlar konsepsiyası sayəsində.

Məqaləni Jeremy Bentham’ın sözü ilə yekunlaşdırmaq istəyirəm: “Təbii hüquq xəyal gücünün bir məhsuludur” – Jeremy Bentham

Mete Türksoy

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here