Nadir şahın ölümü
 
Hicri-qəməri tarixi ilə 1160-cı il Cəmadül-Sani ayının 11-i axşamı (bazar gecəsi, 1747-ci ilin iyun ayının 20-də) Xəbuşan yaxınlığındakı Fəthabadda qurulan düşərgədə Məhəmməd bəy Qacar İrəvani, Musa bəy Əmirli Əfşar, Qoca bəy Kəndirli Əfşar, Saleh xan Qırxlının, keşikçibaşı Məmmədqulu xan Əfşarın və bir sıra digər keşikçilərin dəstəyi ilə gecəyarı Nadir şahın çadırına daxil oldular. Nadir şah həmin gecə arvadlarından – Məhəmməd Həsən xanın qızı Sitarənin (Cukinin) çadırında yatmışdı. Qətlçilər Nadirin hansı çadırda yatdığını öyrənib, gözətçini boğdular və Sitarənin çadırına daxil oldular və Nadirin üzünü gördükdə qorxu onları elə bürüdü ki, onlar qapıdan içəri girməyə cəsarət etmədilər. Amma Məmmədqulu xan və Saleh xan çadırı xəncərlə cırdılar və bir neçə nəfər içəri daxil oldu. Nadir şah yerindən atılıb, Saleh xanı görən kimi onu söydü. Qılıncı çəkib onu qovdu və onlardan ikisini qılıncı ilə vurdu. Bu vaxt ayağı çadırın ipinə ilişib yıxıldı. Ayağa qalxana qədər Saleh xan onun kürəyinə bir qılınc vurdu. Bu zaman Məhəmməd xan Qacar gəlib əzəməti göylər qədər olan, qüdrəti aləmə sığmayan Nadir şahı qətlə yetirdi
 
Adil şah — Əfşarlar xanədanlığından olan 2-ci şah (1747-1748)
 
Nadirin qardaşı oğlu Əliqulu xan Nadir şahın qətli xəbərini alan kimi dərhal Məşhədə yola düşdü və Nadir şahın öldürülməsindən 16 gün sonra özünü Məşhəddə ölkə şahı elan etdi. Əliqulu xanın əmri ilə Kelatda Rzaqulu Mirzə və Nadir şahın övlad və nəvələrindən daha 16 nəfəri qətlə yetirildi. Qətlə yetirilənlər arasında Nadir şahın kiçik yaşlı övladları və nəvələri var idi. Ədalətli şah olacağını qabartmaq üçün Əliqulu xan adını da dəyişdirdi və Adil şah adını öz üzərinə götürdü. Qardaşı İbrahim (Məhəmmədəli) xanı mərkəzi İsfahanda olmaqla Azərbaycan və İraqa hakim təyin etdi
 
İbrahim şah Əfşar, Əfşarlar xanədanlığından olan 3-cü şah (1748)
Heç bir il keçmədi özündən kiçik qardaşı İbrahim xan Azərbaycan hakimi Əmiraslan xanla birləşib qiyama qalxdılar. Adil şah 75 min nəfərlik qoşun tərtib edib Ibrahim xanın üstünə getdi. Zəncanla Sultaniyyə arasında iki qardaş vuruşdular. Adil şahın ordusu İbrahim xanın tərəfinə keçdi. Adil şah Tehrana qaçdı. Tehranın hakimi Mirzə Möhsün xan Adil şahı İbrahim xanın adamlarına təhvil verdi. Onlar yoldaca Adil şahın gözlərini çıxardılar. İbrahim xan qardaşını zindana atdırdı. Özünü şah elan etdi. Adına sikkə zərb etdirdi. 1748-ci ildə İbrahim şah Əfşar ölkədə çox böyük gücə malik olan Əmiraslan xanı Marağa yaxınlığında məğlub edəndən sonra bütün hakimiyyəti öz əlində birləşdirdi.Əmiraslan xan məğlubiyyətə uğradıqdan sonra Azərbaycanda, Gürcüstanda, Luristanda, Xuzistanda, Farsda və Fars körfəzində, habelə Kirmanda olan Nadir şah qoşunlarının qalıqları, habelə əfqan və özbək tayfaları onun tərəfinə keçdilər. Eyni zamanda adları çəkilən vilayətlər də onun nəzarəti altına düşdülər. Mənbələrin verdiyi məlumata görə, İbrahim xanın tabeliyində olan qoşunların ümumi sayı 120 min nəfərə çatdı.
 
Şahrux şah Əfşar 4-cü şah (1748 — 1796)
 
Nadir şahın az qala bütün qohum-əqrabası qılıncdan keçirilmiş bir nəvəsi Şahrux Mirzə qalmışdır. İbrahim şah Şahrux mirzə tərəfindən devrildi. O, 1748-ci ildə öldürüldü. Şahrux Mirzə şah elan edildi. Qısa müddətdən sonra Xorasanda güclənən çəkişmələr nəticəsində Şahrux Mirzə bir daha taxt-tacdan uzaqlaşdırıldı. Əhməd xan Əbdali Dürraninin rəhbərliyi altında olan əfqanlar hücumla Məşhədi tutub Şahrux şahı yenə taxta çıxardılar. Ölkədə qızışan daxili çəkişmələr Şahrux şahın hakimiyyətini yalnız Xorasan vilayəti ilə məhdudlaşdırırdı. Digər vilayətlərin hakimləri isə Şahrux Mirzə hakimiyyətini tanımaq istəmirdilər. 1796-cı ildə Xorasan vilayəti də Ağa Məhəmməd xan Qacarın hücumuna məruz qaldı. Ağaməhəmməd xan Xorasanı almaq, əfşarların şahlığına son qoymaq istəyirdi.
Ağa Məhəmməd şah Nadir şah Əfşarın nəvəsi Şahruxun hökmranlıq etdiyi Xorasanı fəth edir. Xorasana gedərkən Ağa Məhəmməd yenə nəzarətdən çıxmış Astrabad türkmənlərini yatırır. O, 1796-cı ildə Məşhəd darvazalarına çatanda Şahrux özü təslimçilik nişanları ilə onun qarşısına çıxır. Lakin Ağa Məhəmməd bununla kifayətlənmir. O, Nadir şahın məşhur xəzinəsini almaq tələbi qoyur. Şahrux əvvəl buna razılaşmır, lakin dəhşətli işkəncələrdən, bir qocanın başına əridilmiş qurğuşun tökəndən sonra o, Nadir şahın xəzinəsinin yerini nişan verir. Məlumdur ki, bütün müsəlman aləmində müqəddəs yer sayılan İmam Rza məscidinin sərvəti də həmin xəzinədə saxlanırdı. Üstündən çox keçməmiş Qacarın ağır işkəncələrə məruz qalmış bu sonuncu rəqibi də həyatla vidalaşır.
 
II Nadir şah Əfşar 5-ci şah
Şahrux şahın oğlu II Nadir şah əfqanların köməyi ilə 1800-cü ildə Xorasanda özünü hakim elan etdi. 1805-ci ildə o, Fətəli şah Qacar tərəfindən qətlə yetirildi. Bununla, Nadir şahın ölümündən 58 il sonra onun sülaləsinə də son qoyuldu.
 
 
 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here