Zadəgan əsilli vətənpərvər azərbaycanlı, yoxsa öz xalqına qarşı mübarizə aparan bolşevik?

Ümummilli lider Heydər Əliyev çıxışlarından birində deyirdi: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır, tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz!”
Amma çox təəssüf ki, bəzən elə tariximizi yazanların özləri onu təhrif ediblər, gizlədiblər…
1987-ci ilin əvvəlləri idi. BDU-nun Jurnalistika fakültəsində oxuyurdum. Fakültəmizdə çıxan “Jurnalist” qəzetinə muzeylərlə bağlı məqalə hazırlamalı idim. İlk olaraq Azərbaycan Tarix Muzeyindən başlamalı oldum. Muzeyin direktoru – tarixçi alim, akademik Püstəxanım Əzizbəyova ilə elə muzeydə görüşdük. İndiki kimi xatirimdədir ki, direktor xanım muzeyin fəaliyyətindən çox babası Məşədi Əzizbəyovun bolşeviklik fəaliyyətindən ağızdolusu danışdı və sonda da dedi: “Mənim babam bu xalq üçün çox şey edib, hətta onun xoşbəxtliyi üçün çanından belə kecib!”
Doğrusunu deyim ki, o zaman Püstəxanımın bu odlu-alovlu çıxışına heyranlıqla qulaq asdım və içimdə onun babasına qarşı böyük bir rəğbət hissi də yarandı.
… Çox az bir zaman keçdi. Sovet İttifaqı süquta uğradı. Arxivlər açıldı. Uzun illər eşitdiyimiz yalanlar faş oldu. O cümlədən Məşədi Əzizbəyov haqqında eşitdiklərimiz və oxuduqlarımız da…
Doğrusunu deyim ki, arxivlərimizdə Məşədi Əzizbəyov haqqında o qədər də doğru-dürüst məlumata rast gəlmədim. Yalnız Azərbaycan Sovet Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, sovet dövründə yazılan “Azərbaycan tarixi” kitabları, xatirələr və 20-ci yüzilliyin əvvəllərində fəaliyyətdə olan bolşevik yönümlü qəzet və jurnallardan oxuduqlarım birmənalı olaraq Məşədi Əzizbəyovun bolşevik fəaliyyəti haqqında yetərincə informasiya verdi.
Lakin təzadlısı odur ki, xalqımız ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra Məşədi Əzizbəyovun bolşeviklik fəaliyyətini inkar edən, onun vətənpərvər, millətsevər bir siyasi xadim olduğunu iddia edənlər ortaya çıxdı. Qatı bolşevik Məşədi Əzizbəyov birdən-birə dönüb oldu “vətənpərvər”. Qəribəsi odur ki, Məşədi Əzizbəyovun bir nəvəsi (Püstəxanım Əzizbəyova) uzun illər sovet dövründə babasının bolşeviklik fəaliyyəti ilə fəxr edərək ağızdolusu danışıb, yazıb və onun bənna ailəsindən olduğunu qeyd edib. Digər bir nəvəsi Mehdi Əzizbəyov isə (sovet quruluşu dağıldıqdan sonra) müsahibələrinin birində deyir: “Babası zadəgan nəslinə mənsub olub. Xeyriyyəçi Zeynalabdin Tağıyevlə Məşədi Əzizbəyovun atası Əziz bəy dost olub. Çar Rusiyası dövründə Əziz bəyə böhtan atılıb, Sibirə sürgün edilib və orada pullu sifarişlə öldürülüb. M.Əzizbəyovun zadəgan nəslindən olması haqda Sankt-Peterburqda Ermitajda saxlanılan Zadəganlar Kitabında da məlumat var. Lakin sovet dövründə məlum basqılara görə, onun zadəgan əsilzadəliyi gizlədilib. Babam ailədə yeganə oğlan uşağı olub. Əzizbəyovlar varlı ailə olublar, babam məşhur milyonçu Zərbəliyevin qızı ilə evli olub. Məşədi Əzizbəyovun Suraxanıda neft mədənləri, indiki Füzuli küçəsində şəxsi poladtökmə zavodu, Şüvəlanda 10 hektarlıq mülkü olub”.
Bəs bu zadəgan birdən-birə necə dönüb bolşevik olub? Və yaxud zadəgan Məşədi Əzizbəyovun övladları, nəvələri sovet dövründə necə yüksək rütbələrə və vəzifələrə sahib olub? Axı sovetlər bəylərin, xanların, zadəganların düşməni idi (Oğlu Əzizağa general-mayor rütbəsinə, nəvəsi Püstəxanım akademikliyə kimi ucalıb).
Bəs əslində Məşədi Əzizbəyov kim olub? Zadəgan əsilli bir azərbaycanlımı, yoxsa Azərbaycanda bolşevik ideyalarını təbliğ edən bir siyasi xadimmi?
Faktlara müraciət edək. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında (İki cilddə. I cild. “Lider” nəşriyyatı. Bakı-2014, səh, 374-375. Bir faktı da qeyd edim ki, Azərbaycan Sovet Ensiklopediyasında da faktlar eynilə belədir) yazılıb: “Əzizbəyov Məşədi bəy Əziz oğlu 18 yanvar 1876-cı ildə Bakıda anadan olub. Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının ilk üzvlərindən biri, Azərbaycanın sovetləşməsi uğrunda fəal mübarizə aparmış ictimai-siyasi xadim”.
Uzun illər Azərbaycan mətbuat tarixinin tədqiqi ilə məşğul olan professor Şirməmməd Hüseynov “Azərbaycan bolşevik mətbuatı” adlı dərs vəsaitində yazır: “Məşədi Əzizbəyov da kütlələr içərisində həm şifahi, həm də mətbuat vasitəsilə geniş təşviqat aparmaq zəruriyyətini hələ 1905-ci ilin dekabr çıxışlarından birində qeyd etmişdir” (Bax: Ş.Hüseynov. “Azərbaycan bolşevik mətbuatı”. Bakı. ADU nəşri, 1981, səh. 43). Müəllif daha sonra qeyd edir: “…dövri bolşevik mətbu orqanlarından olan “Dəvət-Qoç” (səh. 44), “Təkamül” (səh. 68) və “Prizıv” qəzetlərinin nəşrinin təşkili, çıxarılması, yayılması və ümümi fəaliyyətində görkəmli inqilabçı M.Ə.Əzizbəyovun böyük rolu olmuşdur” (səh-68). Professor Ş.Hüseynov yazır: “Prizıv” qəzetinin nəşri üçün ən vacib məsələlərdən biri maddi vəsait əldə etmək idi. Bu vəsaiti partiya təşkilatına “iki nəfər müsəlman yoldaş” vermişdi. Bu iki müsəlmandan biri Məşədi Əzizbəyov idi” (səh. 61).
“M.Əzizbəyov 1917-ci ildə “Hümmət” bolşevik təşkilatı müvəqqəti komitəsinin üzvü seçilmişdir. Mərkəzi tətil komitəsinin üzvü kimi 1917-ci il sentyabrın sonunda Bakı fəhlələrinin ümumi tətilinə rəhbərlik etmişdir. Oktyabr çevrilişindən (1917) sonra isə sovet Rusiyasının tərəfdarı olmuşdur. 1918-ci ilin martında Azərbaycan milli qüvvələrinə qarşı mübarizədə fəal rol oynamışdır”.
Məşədi Əzizbəyovun ən böyük və bağışlanılmaz səhvi və qəddarlığı da məhz 1918-ci ilin mart soyqrımında xalqına qarşı ermənilərlə birlikdə vuruşması olub.
 Qocaman tarixçi və yazıçı Qılman İlkinin arxiv sənədləri və faktları əsasında yazdığı “Bakı və bakılılar” əsərindən oxuyuruq: “Bazar küçəsində də ermənilər hücuma keçmişdilər. Onlar küçə boyu vuruşa-vuruşa İçərişəhərə tərəf irəliləyirdilər. Bu dəstələrin içərisində qızıl qvardiya dəstələri də müsəlmanları Qoşa qala qapısına tərəf sıxışdırmışdılar. Burada qızğın atışma gedirdi. “Dikaya diviziya”nın qərargahı bu zaman “İsmailiyyə” binasında yerləşirdi. Bəlkə də məhz buna görə bu tərəfdən atışmalara Mikoyan və Məşədi Əzizbəyov rəhbərlik edirdilər” (səh. 361).
Tarixi faktlar sübut edir ki, Məşədi Əzizbəyov mart qırğınında atışmalara boşuna rəhbərlik etmirdi. “Əzizbəyov S.Şaumyanın başçlıq etdiyi Bakı Xalq Komissarları
Sovetində (BXKS) quberniya komissarı idi. O, 1918-il martın 9-da BXKS daxili işlər komissarının müavini təyin olunmuşdu”.
Sovet dövründə yazılan hansı bir elmi mənbəni açıb oxusaq, Azərbaycan xalqının qəddar düşməni S.Şaumyan və Mikoyanla Məşədi Əzizbəyovun adı yanaşı cəkilir. Onların Azərbaycanda sovet hakimiyyətinin qurulmasında birgə mübarizələrindən bəhs edilir. Bu təsadüf idi, ya Məşədi Əzizbəyovun anlaşılmaz, kor-koranə səhvimi? Axı Məşədi Əzizbəyov təhsilsiz deyildi. O, Bakı realnı məktəbini bitirdikdən sonra Hacı Zeynalabdinin maddi dəstəyi ilə 1896-cı ildə Peterburqa getmiş və Mülki Mühəndislər İnstituna daxil olmuşdu. Hətta institutu qurtarıb Bakıya qayıdandan sonra yenə Hacının köməkliyi ilə işlə təmin edilmiş, “şəhər elektrik texniki vəzifəsində çalışmış, şəhər memarı olmuş, Şollar-Bakı su kəməri çəkilişinə baxan icraiyyə komissiyasının və elektrik komissiyasının üzvü seçilmişdir”.
Nənəmin sözü olmasın, belə çıxır ki, Məşədi Əzizbəyov yediyi çörəyə xəyanət etmişdir. Hacının köməyi ilə oxumuş, işləmiş, sonra da onu bəyənməmiş, ona qarşı çıxmışdır…
Burada yadıma 1990-cı ildə baş verən bir hadisə düşdü. Bir gün Hacının qızı Sara xanım Azərbaycan Tarix Muzeyinə gəlir. Onu muzeyə buraxmırlar. Çox təkid etsə də, muzeyin rəhbəri Püstəxanım Əzizbəyova qəti olaraq etiraz edir. Səbəb kimi isə Sara xanımın “ruhi xəstə” olduğu göstərilir. 1990-cı ildə Sara xanımdan müsahibə götürərkən, o, bu hadisəni çox təəssüflə  və göz yaşları içində belə xatırladı: “Azərbaycan Tarix Muzeyi mənim atamın mülkü idi. Mən 1899-cu ildə o əzəmətli evdə doğulmuşam. Uşaqlığım, gəncliyim, ömrümün ən xoş anları, günləri orada keçib. Getmişdim ki, bir neçə dəqiqə sadəcə o binanın daş pillələrində oturum, xəyalən də olsa o xoş günlərimi, atalı-analı anlarımı yaşayım. Buna da muzeyin direktoru Püstəxanım Əzizbəyova icazə vermədi. Onun babası Məşədini mənim atam xaricdə oxudub, sonra da Bakıda işlə təmin edib. Nə deyim? Çox gidi dünyadır…”. Sara xanım sözlərinin arxasını gətirə bilmədi. Qəhər onu boğdu.
Bakının azad olunması uğrunda vuruşan Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə iştirak edən Məşədi Əzizbəyov avqustun 17-də Bakı komissarları ilə birlikdə “Sentrokaspi diktaturası” tərəfindən həbs edilmiş, sentyabrın 14-dək həbsxanada saxlanmışdır. Sentyabrın 17-də BXKS-nın digər üzvləri ilə birlikdə Zakaspi hökuməti tərəfindən həbs edilib, Krasnovodskda (indiki Türkmənbaşı) həbsxanaya salınmış, sentyabrın 20-də Krasnovodskın  207 kilometrliyindəki Ağcaqum çölündə güllələnmişdir. Nədənsə S.Şaumyan bu həbsdən qacmağa nail olarkən “dostu” Məşədini “unutmuşdu”.
Yeri gəlmişkən, qeyd edim ki, Məşədi Əzizbəyovun bolşeviklik fəaliyyəti haqqında onun akademik nəvəsi Püstəxanım Əzizbəyovanın öz əsərlərində və redaktəsi altında nəşr edilən əsərlərdə yetərincə faktlar var. Məsələn, “Azərbaycan tarixi”ndə yazılır: “…Bakı Sovetinin iclasında S.Şaumyan, P.Caparidze və M.Əzizbəyov çıxış edərək, Bakıda bütün hakimiyyətin dərhal və sözsüz Sovetə verilməsini təkid etdilər. M.Əzizbəyov Soveti “…ən qəti tədbirlər görməyə” cağırdı”. (Bax: Azərbaycan tarixi. Üç cilddə. “Elm” nəşriyyatı-Bakı. 1973, səh, 83). Və yaxud digər fakta diqqət yetirək: “Bolşeviklərin, xüsusilə M.Əzizbəyovun yorulmaz işi sayəsində qısa müddətdə Abşeronun 17 kəndində sovet hakimiyyəti qurulmuşdu. Yoldaş Əzizbəyovun coşqun fəaliyyəti böyük nəticələr vermişdi” (həmin əsər, səh. 135), “1918-ci il aprelin 21-də Bakıdan yola salınmış 240 nəfərlik başqa bir sovet hərbi dəstəsi Məşədi Əzizbəyovun rəhbərliyi altında Salyan şəhərinə daxil oldu. Quba qəzasına isə Q.G.Sturuanın rəhbərliyi altında silahlı dəstə göndərildi” (həmin əsər, səh. 126). Bütün əsər boyu Azərbaycanda sovet hakimiyyətini qurmaq üçün aparılan “mübarizə”də S.Şaumyan, A.Mikoyan, A.Karinyan, P.Caparidze, İ.Fioletovla birgə Məşədi Əzizbəyovun “yüksək xidmətlərindən” bəhs edilir.
Hörmətli oxucum! Bütün bunlardan sonra Məşədi Əzizbəyova xalqı yolunda canından keçən millətpərəst, vətənpərvər, zadəgan əsilli bir azərbaycanlımı deyək, ya bolşevik ideologiyasını təbliğ etmək üçün xalqının düşməni olan ermənilərlə birlikdə mübarizə aparan bolşevikmi?
Qərənfil Dünyamin qızı Əməkdar jurnalist
www.kaspi.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here